İçindəki
Elmlər doktorları
Prezident İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirliyində olub, çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olub, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib.
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı dövlətimizin başçısını qarşıladı.
Prezident İlham Əliyev matəm kitabına ürək sözlərini yazdı.
Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi.
Prezident İlham Əliyev dedi:
- Sizə bir daha başsağlığı verirəm. Çox böyük bəladır, böyük faciədir. Günahsız insanlar həlak olublar, yaralanıblar.
Bilirsiniz ki, Azərbaycan hər zaman olduğu kimi, ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında idi və öz dəstəyimizi, öz həmrəyliyimizi həmişə olduğu kimi nümayiş etdirmişik. Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik. Hər zaman Türkiyə də bizim yanımızdadır, yaxşı günlərdə, çətin günlərdə.