İçindəki
Xəbərlər
COP29-un nəticələrinə və “İqlim Fəaliyyəti Həftəsi”nə həsr olunmuş Dəyirmi Masalar keçirilib
Vətəndaş cəmiyyəti ilə elm və təhsil sektorlarının əməkdaşlığı çərçivəsində ölkənin bir sıra rayonlarında COP29-un nəticələrinə və “İqlim Fəaliyyəti Həftəsi”nə həsr olunmuş Dəyirmi Masalar təşkil olunub. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi layihə “Ruzgar” Ekoloji İctimai Birliyi tərəfindən həyata keçirilib.
Tədbirlərdə Elm və Təhsil Nazirliyinin Memarlıq və İnşaat Universiteti, Radiasiya Problemləri İnstitutu, Coğrafiya İnstitutu, Fəlsəfə və Sosiologiya İnstitutunun alimləri, eləcə də iqlim dəyişmələrindən ən çox təsirlənən Şəki, Qax, Zaqatala və İsmayıllı rayonlarının icra orqanları, bələdiyyələr, ictimai təşkilatlar və yerli maraqlı tərəflərin nümayəndələri iştirak ediblər.
Dəyirmi Masalarda professorlar İslam Mustafayev və Nurməmməd Məmmədov, dosent Hökmən Mahmudov, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Kərimov və elmi işçi Hafizə İmanova çıxış edərək müxtəlif mövzularda məruzələr ediblər.
Məruzələrdə “Konstitusiya və Suverenlik ili” çərçivəsində Konstitusiyanın 39-cu və 78-ci maddələrində ətraf mühitin qorunması ilə bağlı vətəndaş hüquq və vəzifələri açıqlanıb. Milli ekoloji qanunvericiliyin inkişafı, iqlim dəyişmələri, ekoloji tərbiyə və informasiya ilə bağlı müddəalar iştirakçıların diqqətinə çatdırılıb.
İqlim dəyişmələrinin səbəbləri, onların Azərbaycanda təzahür formaları və müxtəlif sektorlar üzrə atılan tullantıların bu prosesdə rolu barədə məlumat verilib. Karbon emissiyalarında antropogen amillərin, xüsusilə enerji səmərəliliyinin rolu ilə bağlı müzakirələr aparılıb. Qeyd olunub ki, dövlət orqanları tərəfindən karbon emissiyalarının azaldılması məqsədilə alternativ enerji mənbələrindən istifadə ilə bağlı genişmiqyaslı layihələr həyata keçirilir.
Bununla yanaşı, enerji istehlakının 40-45%-ni təşkil edən ev təsərrüfatlarında da enerji səmərəliliyi və qənaətə xüsusi diqqət yetirilməsinin vacibliyi vurğulanıb. Bu baxımdan əhalinin maarifləndirilməsinin problemin həllində mühüm rol oynadığı bildirilib.
Mitigasiya tədbirləri çərçivəsində günəş və külək enerjisindən istifadə, sənayedə azkarbonlu texnologiyaların tətbiqi, meşə sahələrinin genişləndirilməsi və su hövzələrinin təmiz saxlanılması kimi yanaşmaların əhəmiyyəti xüsusi qeyd edilib.
Layihə çərçivəsində nəşr olunmuş “İqlim dəyişmələrinin yumşaldılması və Alternativ energetika” və “İqlim dəyişmələri üzrə Xülasə” adlı kitabçaların qısa məzmunu iştirakçılara təqdim olunub.
Bakıda keçirilmiş COP29 sessiyasının və “İqlim Fəaliyyəti Həftəsi”nin nəticələrinin əhalinin maarifləndirilməsi baxımından böyük əhəmiyyəti olduğu vurğulanıb. Yerli iştirakçılar bölgələrdə iqlim dəyişmələri ilə bağlı mövcud problemləri və onların həlli yollarını müzakirə ediblər. Ekoloji təhsil və tərbiyənin bu sahədə həlledici rolu qeyd olunub.
Tədbirlərdə müxtəlif sektorları təmsil edən nümayəndələrin çıxışları dinlənilib, onların sualları cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.radiation.gov.az saytına istinad zəruridir.









