RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
EN RU

Struktur

"Enerjiqənaətedici radiasiya prosesləri" laboratoriyası

Tel.: (+994 12) 5394113
Faks: (+994 12) 5394113
Elektron poçt: imustafayev@mail.ru

Struktur bölmənin rəhbəri: AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Mustafayev İslam İsrafil oğlu

İşçilərin ümumi sayı: 14

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:
Radiasiya-kimyəvi üsullarla ətraf mühit və enerji problemlərinin həlli

Struktur bölmənin əsas elmi nəticələri:
Neft və neft fraksiyalarının qamma, neytron-qamma və sürətlənmiş elektronların təsiri altında radiasiya-termiki çevrilmələrində yüksəkmolekullu olefinlərin və qazların yaranması prosesinə temperaturun, udulan dozanın və doza gücünün, habelə reaksiya qabının forma və materialının təsiri öyrənilmişdir. Neft qalıqları, neft-bitum süxurları və bərk üzvi yanacaqlardan hidrogenin və sintez qazın alınmasının kinetika və mexanizmi tədqiq olunmuş, parametrlərin optimal qiymətləri təyin olunmuşdur. Neftin yağ, qətran və asfalten fraksiyalarının radiasiya-kimyəvi çevrilmələri tədqiq olunmuş, bu fraksiyaların ətraf mühitdə deqradasiyasının qanunauyğunluqları öyrənilmişdir. Neftin politsiklik aromatik karbohidrogenlərinin ətraf mühit faktorlarının təsiri altında transformasiyası tədqiq olunmuşdur. Neftin nəqlində yaranan tullantıların və neftli suların radiasiya-termiki yolla zərərsizləşdirilməsi üsulları işlənilmişdir. Neft bitumlarından alınmış kompozit materialların radiasiya-kimyəvi çevrilmələri tədqiq olunmuş, onların radiasiya davamlılığının artırılması yolları göstərilmişdir.

"Nizamsız bərk cisimlərin radiasiya fizikası" laboratoriyası

Tel.: (99412) 5393391

Faks: (99412) 5398318

Elektron poçt: oktaysamedov9@gmail.com

Struktur bölmənin rəhbəri: AMEA-nın müxbir üzvü, f.-r.e.d., prof. Səmədov Oqtay Əbil oğlu

İşçilərin ümumi sayı: 15

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:
TlInS2 və TlGaSe2 kimi kristalların və bərk məhlulların dielektrik və elektrik relaksasiyası, impedans spektri və faza keçidlərinə ionlaşdırıcı radiasiyanın təsirinin tədqiqi.

Struktur bölmənin əsas elmi nəticələri:
1. Müəyyən olunmuşdur ki, TlGaSe2 kristalında 300 K-dən yuxarı temperaturlarda (paraelektrik fazada) dielektrik nüfuzluğunun və itki bucağının tangensinin temperaturdan asılılıqlarında anomaliyalar mövcuddur. (T = 415 K və T = 532 K)
2. TlGaSe2 kristalının (Z٭(f)) kompleks impedans və kompleks dielektrik spektri 100550 K temperatur və 102−106 Hs tezlik intervalında tədqiq olunmuşdur. Göstərilmişdir ki, 415 K ÷ 532 K temperatur intervalında TlGaSe2 kristalı ion keçiriciliyinə malik olur. Ekvivalent sxem əvəzləmələri üsulundan istifadə etməklə (Z″−Z′) kompleks müstəvi diaqramları analiz olunmuşdur və tezlik oblastının sərhəddi hər bir temperatur üçün təyin olunmuşdur.
3. Müəyyən olunmuşdur ki, 20 Mrad dozada γ-kvantlarla şüalanmış TlGaSe2 kristalının (Z″−Z′) kompleks müstəvi diaqramlarında yüksək tezlikli oblastının sərhəddi tezliyin azalması istiqamətinə doğru sürüşür və (Z″−Z′) kompleks müstəvi diaqramlarında iki qadoqramma müşahidə olunur. Həm şüalanmış həmdə şüalanmamış TlGaSe2 kristalında keçiriciliyin mexanizmi təyin olunmuşdur (elektron və yuxarı temperaturlarda isə ion). Polyarizasiyanın tipi: elektron və ion–relaksasiya polyarizasiyasıdır.

"Radioekologiya" laboratoriyası

Tel.: (+994 12) 5382957

Faks: (+994 12) 5963408

Elektron poçt: hfamil@mail.ru

Struktur bölmənin rəhbəri: f.-r.e.n., dos. Hümbətov Famil Yusif oğlu

İşçilərin ümumi sayı: 12

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:
- Azərbaycanın su və torqaq ekosistemlərində Uran-Torium-Radium izotoplarının paylanması və ekoloji həssas zonalarda onlarla əlaqəli ağır metallar və polisiklik birləşmələr üzrə tədqiqatların icrası və məlumat bazalarının hazırlanması;
- Neft istehsalı sahələrində ətraf mühitin radionuklidlər, ağır metallar, toksiki elementlər və ümmi üzvi karbohidrogenlərlə çirklənməsinin tədqiqi;
- Xəzər dənizinin Azərbaycan sektorunda su və dib çöküntüsü mühitlərində radionuklidlərin, metalların, və üzvi çirkləndiricilərin tədqiqi;
- Azərbaycanın çay hövzələrində təbii və antropogen mənşəli çirkləndiricilər və onların yaratdığı risklərin tədqiqi;
- Ətraf mühitdə stress amillərinin bioloji obyektlərə təsirinin tədqiqi.

Struktur bölmənin əsas elmi nəticələri:
1. Neft istehsalı və onunla əlaqəli sahələrdə radionuklidlərin, ağır metalların, toksiki elementlərin və ümmi üzvi karbohidrogenlərin qiymətləndirilməsi həyata keçirilmiş və tədqiqat ərazilərində qaynar nöqtələr aşkar edilmişdir. Ra228 və Ra226 izotopları üçün müəyyən edilmiş aktivliklərdən istifadə edərək lay sularının formalaşdırdığı neft sənayesi göllərinin yaşı müəyyən edilmişdir.
2. Xəzər dənizinin Azərbaycan sektorunda su və dib çöküntüsü mühitlərində radionuklidlər, metallar, və üzvi çirkləndiricilər tədqiq edilmiş, alınmış nəticələr əsasında Geoyığılma İndeksi (Igeo.), Çirklənmə Faktoru (CF), Zənginləşmə Faktoru (EF), Ekoloji Risk Faktoru (Er), Çirklənmə Dərəcəsi (DC), Çirklənmə Yük İndeksi (PLI), Ekoloji Risk İndeksi (RI) hesablanmışdır. Tədqiqat ərazisində antropogenik zənginləşmə və orta dərəcədə çirklənmə olmasına baxmayaraq, potensial ekoloji riskin aşağı səviyyədə olduğu aşkar edilmişdir.
3. Transsərhəd çayları boyunca götürülmüş su, dib çöküntüsü və torpaq nümunələri radionuklidlərin, ağır metalların və pestisidlərin konsentrasiyasının təyini üçün tədqiq olunmuş və onların yaratdığı risklər qiymətləndirilmişdir. Təbii, antropogen təsirlər və mövsüm dəyişikliyi nəticəsində su keyfiyyətində baş verən dəyişikliklərin radionuklidlərin və ağır metalların akkumiliyasiyasiyasını artıra biləcəyi müəyyən edilmişdir. Transsərhəd çayları ekosistemlərində pestisidlərin tədqiqi nəticəsində ərazilərdə daha çox DDT və onun izomerləri, a-BHC, b-BHC, d-BHC, Dieldrin, endosulfan II və endosulfan sulfat izomerlərinin olduğu müəyyən edilmişdir.
4. Azərbaycanın Şimal çaylarından və Böyük Qafqazın cənub yamacında yerləşən çaylardan götürülmüş su, dib çöküntüsü və ətraf ərazilərdən götürülmüş torpaq nümunələri radionuklidlərə və element tərkibinə görə tədqiq olunaraq çirklənmə dərəcələri müəyyən edilmişdir. Qeyd olunan çaylar üçün su keyfiyyətinin qiymətləndirilməsi həyata keçirilmişdir.
5. Kiçik Qafqaz çayları ekosistemlərində təbii və antropogen mənşəli çirklənmələr və onların yaratdığı risklər qiymətləndirilmişdir. Tədqiqat nəticələri və hesablama məlumatları əsasında çay hövzələrində baş verən təbii və antropogen mənşəli dəyişirikliklərin su keyfiyyətinə təsiri öyrənilmişdir.
6. İşğaldan azad olunmuş ərazilərdə radioekoloji vəziyyətin ilkin qiymətləndirilməsi və radiasiya fonu ölçmələri həyata keçirilib. Ərazidə mövcud olan su mənbələrinin tədqiqi nəticəsində Ermənistan Respublikasının ərazisindən gələrək Azərbaycanın Zəngilan rayonu ərazisinə daxil olan Oxçuçayda konsentrasiyanın Mn elementi üzrə 1.7-1.8 dəfə, Al elementi üzrə 3.1-3.6 dəfə, Fe elementi üzrə 6-7.5 dəfə icazə verilən hədd qiymətlərindən yüksək olduğu aşkar edilmişdir. Əkinə yararlı torpaqlarda pestisidlər qiymətləndirilmiş və istifadəsi qadağan olunmuş DDT və onun izomerlərinin konsentrasiyalarının digər komponentlərə nisbətən üstünlük təşkil etdiyi müəyyən edilmişdir.
7. Bioloji obyektlərdə paramaqnit mərkəzlər tədqiq edilmiş və müxtəlif stress amillərinin (temperatur, rütubət, şüalanma və s.) onlarda maqnit xassələrinin yaranmasına səbəb olduğu aşkar edilmişdir.
8. NUTEC — protokolu əsasında mikroplastiklərin tədqiqi metodu inkişaf etdirilib və ilk dəfə olaraq Xəzər dənizinin Azərbaycan sahillərindən götürülmüş nümunələrdə mikroplastiklər analiz edilib. Şıxov çimərliyində mikroplastiklə çirklənmənin Novxanı çimərliyinə nisbətən daha yüksək olduğu müəyyən edilmişdir.

"Polimerlərin radiasiya kimyası və texnologiyası" laboratoriyası

Tel.: (+994 12) 4383224 (dax. 130, 141)

Faks: (+994 12) 5398318

Elektron poçt: vx5357484@gmail.com

Struktur bölmənin rəhbəri: f.-r.e.n. Xudaverdiyev Vüqar Hüseynoviç

İşçilərin ümumi sayı: 8

Struktur bölmənin əsas fəaliyyət istiqaməti:
Radiasiya-kimyəvi texnoloji prosesin təsiri ilə polimerləşmə, polimerlərin kimyəvi texnologiyası və emalı, nanotexnologiya, nanokimya, kompozisiya materialları, aqressiv tərkibə və müxtəlif faktorlara qarşı davamlı materialların alınması, yanma prosesləri.

Struktur bölmənin əsas elmi nəticələri:
Radiasiya-kimyəvi texnologiya üsulu ilə müxtəlif polimer sistemlərində baş verən quruluş dəyişiklikləri və radikal proseslər öyrənilmiş, plasto-elastik və reoloji xüsusiyyətlər analiz edilmişdir. Eyni zamanda, polimer materiallarının fiziki, mexaniki və termiki xüsusiyyətləri tədqiq edilərək, müxtəlif sənaye müəssisələrində tətbiqi nəzərdə tutulan yüksək istismar xassələrinə malik materialların alınması üçün optimal rejim və tərkib müəyyən edilmişdir.

"Polimer və elektroaktiv materialların radiasiya fizikası" laboratoriyası

Tel.: (+994 12) 5383413

Faks: (+994 12) 5383418

Elektron poçt: m.bayramov51@mail.ru

Struktur bölmənin rəhbəri: f.ü.f.d. Bayramov Məzahir Nəsrəddin oğlu

İşçilərin ümumi sayı: 10

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:
Polimerlərlə (PE, PP, PVDF, PTFE, PETF, PVX və PVS və s.) nano- və mikro ölçülü hissəciklər (Cu2S, CdS, ZnS, Ag2S, Si, SiO2, TiO2, Fe3O4, ZrO, ZnO, pyezodoldurucu və s.) əsasında kompozitlərin alınması və onların elektrofiziki, elektroaktiv termolüminisent xassələrinin radiasiya və maqnit sahəsi ilə modifikasiyası.

Struktur bölmənin əsas elmi nəticələri:
1. Polimerlər (PE, PP, PVDF, PTFE, PETF, PVX, PVS və epoksid qətranı və s.) və doldurucular (TiO2, ZnO, Fe2O3, Al2O3, nano-Al2O3, nano-SiO2, nano-ZrO2, CdS/ZnS-binar birləşməsi, pyezodoldurucu və s.) əsasında mikro- və nanokompozit materiallar alınmış və onların üstmolekulyar quruluşunda, elektrofiziki və aktiv xassələrində ionlaşdırıcı radiasiyanın təsiri ilə baş verən fiziki - kimyəvi proseslərin mexanizmi tədqiq edilmişdir. Polimer kompozitlərin mikroelektronikanın müxtəlif enerjitutumlu elementlərində, qaz sensorlarında elektroaktiv element qismində istifadə imkanları araşdırılmış, qənaətbəxş nəticələr əldə edilmişdir.
2. Laboratoriyada sintez olunmuş nanoölçülü maqnetit (nano-α-Fe3O4) ilə müxtəlif polimerlər (ASPE, PVDF, epoksid qətranı və uretan-alkid lakı) əsasında alınmış nanokompozitlərin İYT (ifrat yüksək tezlik) oblastında radioekranlayıcı və radiouducu materiallar qismində istifadə imkanları araşdırılmış, onların elektrofiziki xassələrinə (ε, tgδ və ρν) həm doldurucunun, həm də γ-radiasiyanın və sabit maqnit sahəsinin təsirinin ilkin nəticələri analiz edilmişdir. Məlum olmuşdur ki, təmiz kompozitlərlə müqayisədə müxtəlif kompozitlər əsasında formalaşmış laylı kompozit strukturlar İYT oblastda daha effektiv radiouducu xassələr nümayiş etdirir.
3. PE, PTFE, PETF, məsaməli PETF kimi polimer təbəqələrin həcmində orientasion dartılma üsulu ilə yaranmış məsamələrdə və suda şişirdilmiş PVS-də kimyəvi sorbsiya üsulu ilə müxtəlif tip nanohissəciklər (CdS, CuS, ZnS və s.) formalaşdırılaraq alınmış nanokompozitlərin elektrofiziki, optik, elektret və lüminessensiya xassələri öyrənilmiş, qamma radiasiyanın bu kompozitlərdə yaratdığı struktur dəyişikliklərinin onların digər xassələrinə təsiri mexanizmləri tədqiq edilmişdir.
4. Qamma şüalarla modifikasiya olunmuş polimer YSPE/SiO2 və YSPE/ZrO2 nanokompozitlərinin nanostrukturu və üstmolekulyar quruluşu kiçik-bucaqlı neytron (SANS) və rentgen (SAXS) səpilməsi metodları ilə öyrənilmişdir. Müəyyən edilmişdir ki, YSPE/ZrO2 nanokompozitlərində polimer-nanodoldurucu sərhəddində ~10±1 nm qalınlıqlı, matrisa ilə müqayisədə aşağı-sıxlıqlı fazalararası zona, YSPE/SiO2 nanokompozitlərində isə polimer-nanodoldurucu sərhəddində ~3±1 nm qalınlıqlı, kompozitin sıxlığına yaxın fazalararası lay formalaşır. Qamma radiasiyanın modifikasiyaedici dozası ətrafında (100-300 kQr), hər iki nanokompozitin istismar xüsusiyyətlərində artım müşahidə edilmiş, bu artımın YSPE/SiO2 nanokompozitlərində daha yüksək olduğu təsbit edilmişdir.

"Seqnetoelektriklərin radiasiya fizikası" laboratoriyası

Tel.: (+994 12) 5383224

Faks: (+994 12) 5398318

Еlektron poçt: sardarli@yahoo.com

Struktur bölmənin rəhbəri: f.r.e.d., prof. Sərdarlı Rauf Mədət oğlu

İşçilərin ümumi sayı: 9

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:
TlBX2 (B = In, Ga; X = S, Se, Te) tipli birləşmələr əsasında laylı və zəncirvari quruluşlu monokpistallar və onlar əsasında yaranan bərk məhlulların dielektrik, optik və impedans spektrlərinin tədqiqi və onlara qamma şüaların təsirinin xüsusiyyətlərinin tədqiqi.

Struktur bölmənin əsas elmi nəticələri:
1. Müəyyən edilmişdir ki, γ-kvantlarla şüalanmış TlSe1-xS2x sistemli bərk məhlul nümunələrinin elektrik keçiriciliyinin temperatur asılılığında (σ(T)) otaq temperaturlarından yuxarı temperaturlarda müşahidə olunan xüsusiyyətlər kristalın superion halına keçidi ilə bağlıdır. Keçiriciliyin müşahidə edilən xarakterini izah edən mexanizm təklif edilmiş və göstərilmişdir ki, müşahidə edilən ion keçiriciliyi Tl+ ionlarının tallium altqəfəsində vakansiyalar üzrə diffuziyası ilə əlaqədardır.
2. İlkin və γ-kvantla şüalanmış TlSe1-xS2x sistemli bərk məhlullarda kompleks impedans spektrlərinin öyrənilmışdır. γ-şüalanmadan sonra alınan impedans qodoqraf əyrilərindən Varburqun diffuziya impedansının yarandığı müəyyən edilmişdir. İmpedans diaqramındakı şüalar, Varburqun diffuz impedansı ilə bağlıdır və bunun da əsasında verilmiş ionlarının sinusoidal siqnalının tezlik diapazonunda diffuziya layı sərhədinə çata bilməməsi dayanır.
3. Мüxtəlif dozalarda şüalanmış TlBX2(B = In, Ga; X = S, Se, Te) laylı və zəncirvari quruluşlu kristalların və onlar əsasında yaranan bərk məhlulların 100-300 K temperatur intervalında elektrikkeçiriciliyi tədqiq olunmuş və sıçrayışlı keçiriciliyin temperatur intervalları müəyyən edilmişdir. Mott yaxınlaşmasına əsasən müəyyən edilmişdir ki, sıçrayışlı keçiriciliyin parametrlərinin qiymətləri tərkibdən və γ-şüalanmanın dozasından asılı olaraq əhəmiyyətli dərəcədə dəyişir. 

"Bərpa olunan enerji növlərinin çevrilmələri" laboratoriyası

Tel.: (+994 12) 5383224

Elektron poçt: oktay_dae@mail.ru

Struktur bölmənin rəhbəri: f.-r.e.n., dos. Salamov Oktay Mustafa oğlu

İşçilərin ümumi sayı: 9

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:
Alternativ enerji, istilik texnikası, enerji çevrilmələri.

Struktur bölmənin əsas elmi nəticələri:
Alternativ energetika üzrə elmi tədqiqat işləri 1974-ci ildən başlanıb. İlk dövrdə lokal texniki məsələlərin həllinə yönəlmiş tədqiqat işləri daha üstünlük təşkil edib. 1977-ci ildə dünyada başlayan növbəti energetik böhranla əlaqədar olaraq günəş və külək enerjisinin universal enerji daşıyıcısı hidrogen vasitəsi ilə çevrib istifadəsi istiqamətində elmi tədqiqatlar aparılıb və aşağıdakı mühüm nəticələr alınıb.
- Ayrıca və kombinə olunmuş şəkildə fəaliyyət göstərən bir-neçə günəş və külək energetik qurğuları işlənilmiş, yaradılmış və onları Bakı şəhərinin klimatik şəraitində praktiki olaraq tədqiq edilmişdir, hansılara ki, aşağıdakılar aiddirlər;
- sudan təzyiq altında yüksəktəmizlikli hidrogen və oksigen qazları almaq üçün günəş-fotoelektrik və külək energetik qurğuları (qurğular kiçik ölçülü zərgərlik məmulatlarının istilik emalı məqsədilə tətbiq olunmuşlar);
- yeraltı metal avadanlıqları elektrokimyəvi və elektrik korroziyalarından qorumaq üçün foto-elektrik və külək elektrik cərəyan mənbələrindən qidalanan antikorroziya sistemləri (Sumqayıt-Qara-dağ magistral qaz kəmərinin, müvafiq olaraq, 300 m və 3 km uzunluqda hissələrini korroziyadan qorumaq məqsədilə tətbiq olunmuşlar);
- eyni zamanda iki ədəd külək elektrik mühərrikin-dən qidalanan, şitilxana tipli yerlərin qızdırılması üçün sistem (ümumi sahəsi 150 m2 olan örtülü şitilxananı isitmək üçün istifadə olunmuşdur);
- ayrılıqda və kombinə olunmuş günəş-külək istilik və qaynar su təminatı qurğularının müxtəlif modifikasiyaları;
- parabolik konsentratorlu yüksək temperaturlu günəş qurğusunda hidrogen və yanar qaz qarışığı (H2, CO2, CH4 və s.) almaq məqsədilə termokimyəvi reaktorlar və dozalaşdırıcı sistemlər (bu reaktor, qurğu və sistemlərə 4 ədəd müəlliflik şəhadətnaməsi alınmışdır);
- optimallaşdırıcı qurğular, həmçinin də izləyici və təhlükəsizlik təmin edən sistemlər (həmin qurğu və sistemlərin əksəriyyətinə keçmiş SSRİ-nin müəlliflik şəhadətnamələri, həmçinin də RF-nın və Azərbaycan Respublikasının patentləri alınmışdır);
- ilk dəfə olaraq sudan təzyiq altında yüksək təmizlikli hidrogen və oksigen qazlarının alınması üçün günəş elektroliz qurğusunun, həmçinin də biokütlələrdən və üzvi tullantılardan yanar qaz qarışıqları almaq üçün parabolik konsentratorlu, yüksəktemperaturlu günəş qurğusunun riyazi mo-delləri işlənilmişdir;
- Azərbaycan şəraitində günəş və külək enerjisindən istifadə imkanlarının aşkar edilməsi üzrə çoxsaylı tədqiqat işləri aparılmışdır. Azərbaycanın bütün ərazisi üçün külək və günəş rejimləri üzrə qısa kadastrı tərtib olunmuşdur. Bu zaman ilk dəfə ola-raq şaquli ekstropolyasiyada, o cümlədən 2 km-ə qədər hündürlüklərdə mümkün olan külək rejimləri müəyyən edilmişdir.
- Mədən şəraitində xam neftin emala hazırlanması prosesində iqtisadi və ekoloji cəhətdən əlverişli olan günəş enerjisinin istiliyindən istifadə etmək məqsədilə 2 modullu parabolosilindrik konsentratorlu günəş energetik qurğusu işlənib hazırlanmışdır.
- Bakı şəhərinin klimatik şəraitində bir başa günəş radiasiyasının 400-900 Vt/m2 intervalında təbii sınaqlar aparılmış, qurğunun həm mövsümü, həm də orta illik parametrləri təyin olunmuşdur. Külək enerjisinin sıxılmış hava enerjisinə çevirib, sonra onun əsasında stabil elektrik enerjisinin alınması üzrə tədqiqat işləri aparılmışdır.
- Abşeron klimatik şəraitində kənd və bağ evlərinin isti su təminatı üçün Günəş və Külək energetik qurğuları əsasında kombinə olunmuş sistem yaradılmışdır.
- 3 illik təcrübələr əsasında müəyyən müsbət nəticələr əldə edilmişdir və bu sahədə işlər davam etdirilir.
- Laboratoriyanın əməkdaşları tərəfindən 1974-2019-cu illər ərzində ümumilikdə ~520 məqalə yerli və xarici jurnallarda nəşr olunmuş, 107-dən çox ixtiraya keçmiş SSRİ-nin müəlliflik şəhadətnamələri, həmçinin də RF-nın Avroasiya Patent Təşkilatının və Azərbaycan Respublikasının patentləri alınmışdır.
- Laboratoriyanın gələcək işlərində Abşeron yarımadasının günəş kadastrının işlənib hazırlanması, praktiki olaraq kənd və bağ evlərində günəş energetik qurğularından istifadə edilməsi nəzərdə tutulur.
- Günəş enerjisi vasitəsilə üzvi tullantılardan və biokütlələrdən hidrogen və hidrogen tərkibli qazların (H2, CH4, CO və s.) alınması üsulları, perspektivlərinin araşdırılması, iqtisadi və ekoloji cəhətdən dəyərləndirilməsi üzrə elmi-tədqiqat işləri aparılır.

"Yarımkeçiricilərin radiasiya fizikası" laboratoriyası

Tel.: (+994 12) 5383224, (+99450) 6609715

Faks: (+994 12) 5398318

Elektron poçt: msrahim@mail.ru

Struktur bölmənin rəhbəri: f.r.e.d., prof. Mədətov Rəhim Səlim oğlu

İşçilərin ümumi sayı: 13

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:
Yarımkeçirici materialların radiasiyaya davamlılığının artırılma metodlarının işlənib hazırlanması; radiasiyaya davamlı cihazların elmi əsaslarının işlənməsi.

Struktur bölmənin əsas elmi nəticələri:
1. Aşqarlı (Yb, Er, Gd) və ilkin GaS və GaSe laylı monokristallarında radiasiya defektlərinin yaranma və dəmlənmə proseslərinin, həmçinin qamma-kvantlara qarşı davamlılıq mexanizmləri geniş temperatur, işıqlanma və elektrik sahə intensivliklərində müəyyən edilmişdir. Göstərilmişdir ki, kristalın kation və anion qəfəs altlarında yaranan radiasiya defektlərinin struktur və aşqar defektləri ilə qarşılıqlı təsiri nəticəsində baş verən radiasiya-stimullaşdırıcı proseslər laylı kristalların elektrik, optik və fotoelektrik xassələrini məqsədyönlü idarə edilməsinə və onlar əsasında effektiv fotoqəbuledicilərin və fotoçeviricilərin hazırlanmasına imkan verir.
2. Müəyyən edilmişdir ki, laylı GaS(Yb,Sm) kristallarının udulma zolağında fotokeçiriciliyi, xarici elektrik sahəsinin təsiri ilə, səthin energetik səviyyələrinin qeyri-hamar potensialının nizamlanması nəticəsində yaranır. Səth potensialının hamarlanma dərəcəsi şüalanma dozasından, aşqar atomlarının konsentrasiyasından və xarici sahənin qiymət və istiqamətindən asılıdır.
3. Laylı GaS: Yb monokristalının səthində ölçüləri ~30-40 nm və periodikliyi ~16 nm olan defektlərin qeyri-hamar paylanması yüklü zərrəciklərlə və qamma kvantlarla şüalanma dozasından və aşqarlanma dərəcəsindən asılıdır. Şüalanma dozasının və aşqar atomlarının konsentrasiyasının artması ilə qeyri-hamarlığın həcmi eksponensial qanunla azalır.

"Enerjitutumlu radiasiya prosesləri" laboratoriyası

Tel.: (+994 12) 4383224

Faks: (+994 12) 5398318

Elektron poçt: hokman.mahmudov@gmail.com, hokman@mail.ru

Struktur bölmənin rəhbəri: k.e.n., dos. Mahmudov Hökmən Mövəcət oğlu

İşçilərin ümumi sayı: 11

Struktur bölmənin əsas fəaliyyət istiqaməti:
- Enerjitutumlu proseslər; hidrogen enegetikası, karbohidrogenlərin çevrilməsi, izomerləşməsi və ətraf mühütin sağlamlaşdırılmasında yüksək texnologiyaların (radiasiya-foto kimyəvi və dielektrik boşalma) tətbiqi və istehsalata çıxış yollarının araşdırılması.
- Karbon dioksidin (CO2) utilizasiyası: radiasiya, fotokatalitik, yüksək gərginlikli dielektrik boşalma texnologiyalarının tətbiqi ilə parnik qazlarının emissiyalarının azaldılması və məhsula çevrilməsi,
- Radiasiya texnologiyalarının tətbiqi ilə homo və hetero fazalarda aşağı qaynama temperaturlu üzvi yanacaqların çevrilməsi, izomerləşməsi və kimya sənayesi üçün xammal bazasının yaradılması;
- nano-katalizator səthində su, su məhlulu və karbohidrogen qarışıqlarının radiolizindən ekoloji təmiz hidrogen qazının alınması,
- katalizatorların səth effektlərinin artırılması, regenerasiyası və ətraf mühitin sağlamlaşdırılması.

Struktur bölmənin əsas elmi nəticələri:
1. Müxtəlif mühitlərdə və müxtəlif udulan doza gücündə nano ölçülü katalizator səthi üzərində su və karbohidrogenlərin daha dərin parçalanmasının kinetikası tədqiq edilmiş və uyğun mexanizmlər müəyyənləşdirilmişdir. Götürülən ilkin maddənin fiziki-kimyəvi xassələrindən asılı olaraq ionlaşdırıcı şüaların udulma doza miqdarının optimal qiymətləri müəyyənləşdirilmişdir.
2. Fotokimyəvi texnologiyaların tətbiqi əsasında qaz qarışığı məhsullarının radiasiya və fotokimyəvi təmizlənmə, çevrilmə kinetikası tədqiq edilmiş və uyğun mexanizmi müəyyənləşdirilmişdir. Alinmiş kinetik asilılıqlar əsasinda prosesin başa çatma müddəti, udulan şüa intensivliyindən asılı olaraq sistemin təmizlənmə dərəcəsi və digər texniki parametrlər hesablanmışdır.
3. Oksigen mühitində katalizatorlar yüksək gərginlikli dielektrik boşalma qurğusunda (YGDEBQ)  işləndikdə səthdə davamlı aktiv oksid mərkəzləri yaranması və onların yuxarı temperaturlarda davamlılığı müəyyən edilmişdir. Axın reaktorunda ∆T=380÷420oC temperatur intervallarında modifikasiya olunmuş katalizatorlar səthində  heksan-oksigen qarışığından yaranan maye məhsuların həcmi 1.6  və orta molekul (izo və oksidli birləşmələr üçün) çəkisi 1.2 dəfə artmış olur.
4. Axın şəraitində YGDBQ-də udulan enerjinin P≤140 kC/kq (udulan doza D≤140 kGy) qiymətində karbon dioksid qazının aktivləşərək suda həll olması, 0,1%-li CaO məhlulunda həll olaraq CaCO3-ın çevrilməsinin kinetik asılıqları tədqiqi edilmiş və iqdisadi səmərələliyi hesablanmışdir.

"Ətraf mühitin radiasiya kimyası" laboratoriyası

Tel.: (+994 12) 5383224

Faks: (+994 12) 5398318

Elektron poçt: m.gurbanov@science.azm_gurbanov@mail.ru

Struktur bölmənin rəhbəri: k.e.d., prof. Qurbanov Müslüm Əhməd oğlu

İşçilərin ümumi sayı: 14

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:
- Toksiki birləşmələrin radiasiya təmizlənmə proseslərin kinetika və mexanizminin tədqiqi: Tədqiqat obyekti kimi fenollar, politsiklik aromatik birləşmələr, xlor üzvi birləşmələr-xloroform, tsikloxlorbenzol, xlorlaşmış bifenillər və pestisidlər tədqiqi;
- Xlorlaşmış bifenillərlə çirklənmiş transformator yağlarının radiasiya texnologiyasının tətbiqi ilə təmizlənmə proseslərinin tədqiqi;
- Transformator yağı və tullantı sularının radioliz proseslərinin kinetik modelləşdirilməsi;
- Radioaktiv maye tullantılarda hidrogen və kimyəvi təhlükəsizliyin tədqiqi;
- Sənaye tullantılarının (antropogen faktorların) ətraf mühitdə karbon və onun nuklidlərinin dövriyyəsinə təsiri, onun riyazi modelləşdirilməsi.

Struktur bölmənin əsas elmi nəticələri:
1. Xlorsuzlaşma prosesini xarakterizə edən parametrlərin-pH göstəricisi, H2O2, oksigenə kimyəvi tələbatın dəyişməsinə nano-Al2O3-ün təsiri öyrənilmişdir. Göstərilmişdir ki, sistemdə nano-Al2O3olduqda pH göstəricisinin turşuluğu azalır, oksigenə kimyəvi tələbat azalır. Bu azalma sistemdə TXB-nin qatılığı ilə müəyyən olunur. TXB-nin ilkin qatılığı artdıqca OKT-nin çevrilmə dərəcəsi azalır.
2. PXB izomerlərinin xromatoqrafik analizi aparılmış və dozadan asılı olaraq kinetik qanunauyğunluqlar müəyyən edilmiş, baxılan sistemin radioliz prosesinin mümkün kinetic sxemi qurulmuş və modelləşmə əsasında PXB izomerlərinin çevrilməsinin kinetik xüsusiyyətləri aydınlaşdırılmışdır.
3. Pestisidlərin γ-şüaların təsiri altında heksan və etanolda məhlullarının radiolizi zamanı ilkin qatılıqdan asılı olaraq çevrilmə dərəcəsi artır.
4. Oksalat, qarışqa və nitrat turşusu sistemlərinin müxtəlif qatılıqlarında suda məhlullarının radioliz prosesi tədqiq edilmişdir. KİNET proqramı vasitəsi ilə ikili (oksalat-qarışqa) və üçlü (oksalat-qarışqa-nitrat) sistemlərin suda məhlullarının radiolitik çevrilmə prosesləri öyrənilmişdir. Alınmış təcrübi və hesablama məlumatları əsasında turşuların çevrilmə mexanizmi müzakirə edilmiş və maye radioaktiv tullantıların saxlanılması üçün mümkün radiasiya və kimyəvi təhlükəsizlik qiymətləndirilmişdir.
5. Radiokarbon metodu ilə odun parçasının yaşı təyin edilmiş və onun yaşının təxminən 180±30 il olduğu müəyyən edilmişdir. Simens qardaşlarının Gədəbəydəki mədənlərindən götürülmüş ağac parçasının yaşı 180±35 il; Qəbələ rayonu, Aeroport ərazisindən tapılmış kömürləşmiş qaliğın yaşının 50 000 ildən yuxarı olduğu müəyyən edilmişdir.

"Heterogen proseslərin radiasiya kimyası" laboratoriyası

Tel.: (+994 12) 5393389; (+994 12) 5383224

Faks: (+994 12) 5398318

Elektron poçt: agayevteymur@rambler.ru

Struktur bölmənin rəhbəri: k.e.d., prof. Ağayev Teymur Nemətulla oğlu

İşçilərin ümumi sayı: 13

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:

Radiasiya-heterogen proseslərinin perspektiv istiqamətləri, Nüvə reaktorlarının təhlükəsizliyi və alternativ enerji mənbəyi olan hidrogen energetikası problemləri ilə əlaqədar Metal-su, Metaloksid-su sistemlərində ionlaşdırıcı şüaların və temperaturun təsiri altında hidrogenin alınması və metalların oksidləşmə proseslərinin kinetika və mexanizminin tədqiqi.

Struktur bölmənin əsas elmi nəticələri:

Nanoölçülü Metal və Me-oksid katalizatorlarının iştirakı ilə suyun, karbohidrogenlərin timsalında maddələrin radiasiya-katalitik parçalanmasında enerji ötürülməsinin ümumi qanunauyğunluqları tədqiq olunub. Belə ki, oksid katalizatorlarda radiasiya-katalitik proseslərində enerji daşınmasında əsas rol oynayan qeyri-tarazlı yükdaşıyıcılarının lokalizasiya, rekombinasiya və səthə miqrasiya proseslərinin qanunauyğunluqları və idarə etmə yolları öyrənilib. Oksid birləşmələrin elektrofiziki xassələrindən asılı olaraq qeyri-tarazlı yükdaşıyıcıların qamma-kvantların təsiri altında əmələgəlmə və katalizator səthinə daşınması prosesləri öyrənilib.

Oksid katalizatorlarının tərkibi, struktur nizamlılıgı, səthi səviyyəsindən, elektrofiziki xassələrindən, hissəcik ölçülərindən, temperatur, parçalanmaya məruz qalan maddələrin səthi konsentrasiyasından və sairə xarakterik parametrlərdən asılı olaraq radiasiya-katalitik aktivlikləri tədqiq olunub. Alınmış nəticələr əsainda oksid birləşmələrin radiasiya-katalitik təsiri mexanizmi və radiasiya-katalitik prosesləri üçün katalizator seçiminin elmi əsaslarının əsas prinsipləri aşkar olunub. Su, karbohidrogen və karbohidrogen-su sisteminin oksid katalizatorların iştirakı ilə parçalanması prosesləri əsasında nüvə enerjisinin hidrogenin kimyəvi enerjisinə çevrilməsinin effektiv yolları müəyyən edilib.

Makro- və nano-ölçülü oksid katalizatorlarının iştirakı ilə suyun radiasiya heterogen və radiasiya –termoheterogen parçalanma proseslərində molekulyar hidrogenin alınması proseslərinin kinetikasının müqayisəli tədqiqi aparılmışdır. Aparılmış tədqiqatlar əsaında oksid katalizatorlarının iştirakı ilə suyun radiasiya heterogen və radiasiya termoheterogen parçalanma proseslərində ölçü effekti oksid ölçülərinin R≤100nm-dən kiçik qiymətlərində müşahidə olunur.

"Radiobiologiya" laboratoriyası

Tel.: (+994 12) 5102681

Elektron poçt: nrashydov@yahoo.comnamik.rashid@gmail.com

Struktur bölmənin rəhbəri: b.e.d., prof. Rəşidov Namik Məmməd oğlu

İşçilərin ümumi sayı: 14

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:

Radiasiya və bir çox stress amillərinin bioloji sistemlərə təsir mexanizmlərinin öyrənilməsi. Radiasiya təhlükəsizliyi problemlərinin elmi əsaslarının işlənib hazırlanması

Struktur bölmənin əsas elmi nəticələri:

1. Abşeron yarımadasının radionuklidlərlə lokal çirklənmə zonalarından birində (Romanı yod zavodunun ərazisində) radionuklidlərin keyfiyyət və kəmiyyət tərkibi müəyyənləşdirilmiş, onların həm torpağın ayrı - ayrı profilləri üzrə, həm də üfiqi müstəvidə yayılma qanunauyğunluqları öyrənilmişdir. Ərazini çirkləndirən radionuklidlərin həm “torpaq - bitki” zənciri üzrə miqrasiya, həm də ayrı-ayrı bitki orqanlarında toplanma xüsusiyyətləri tədqiq edilmişdir. Həmçinin də ərazini çirkləndirən radionuklidlərin yaratdığı ionlaşdırıcı şüalanmanın xroniki təsir şəraitində yabanı halda formalaşmış ot bitkilərinin biomorfoloji və reproduktivlik xüsusiyyətlərinə, bu şəraitə həssas olan fotosintez prosesinə və bitkilərin antioksidant müdafiə sisteminin fəaliyyətinə təsiri tədqiq edilmişdir.

2. Toxumları səpindən əvvəl müxtəlif dozalarda γ-şüalanmanın təsirinə məruz qalmış lobya, badımcan, xiyar və pomidor bitkilərinin həm özlərində, həm də onların birinci nəslində ionlaşdırıcı şüalanmanın bitkilərin boyatma və inkişafına təsiri, radiasiya stresi şəraitində yaranan oksigenin aktiv formalarının bitki yarpaqlarında törətdiyi lipidlərin perekis oksidləşmə məhsulu olan malondialdehidinin (MDA-nın) və oksigenin aktiv formaları ücün "tələ" rolunu oynayan antioksidant prolinin miqdarlarının şüalanma dozasından asılı dəyişmə dinamikası, ionlaşdırıcı şüalanmanın müxtəlif dozalarda bitkilərin antioksidant müdafiə sisteminin (AOMS) fəaliyyətinə təsirini askorbatperoksidaza (APO), katalaza (KAT) və superoksiddismutaza (SOD) kimi antioksidant fermentlərinin aktivliklərinin təyini əsasında tədqiq edilmişdir.

3. Müəyyən edilmişdir ki, tədqiq olunan bitkilərin birinci nəsil meyvələrinin biometrik ölçülərində, həm valideyn, həm də kontrol meyvələrlə müqayisədə aşkar fərqlər mövcuddur, şüalanma dozasının artması ilə membran lipidləri daha çox “dağıntıya” məruz qalır ki, bunun da məntiqi nəticəsi kimi MDA - nın miqdarı artır, prolinin miqdarında şüalanma dozasından asılı dəyişmə baş verir, radiasiya stresi şəraitində prolinlə yanaşı, antioksidant müdafiə sisteminin SOD KAT və APO kimi antioksidant fermentləri də bitkilərin ionlaşdırıcı şüalanmanın zərərli təsirindən mühafizə olunmasında fəal iştirak edir, radioaktiv şüalanmanın törətdiyi ilkin zədələnmələr yalnız xüsusi hallarda sonrakı nəsildə də saxlanılır.

Alınmış nəticələrə əsaslanmaqla, həmçinin də müəyyən edilmişdir ki, kiçik doza oblastında udulma dozasının artması oksigenin aktiv formalarının yaranmasını intensivləşdirir və nəticədə hüceyrə membranları daha böyük miqyaslı dağıntılara məruz qalır. Belə şəraitdə bitkilərin antioksidant mühafizə sisteminin fəaliyyəti prolin kimi antioksidantların sintezini sürətləndirməklə yanaşı, həm də antioksidant fermentlərin fəallaşmasına səbəb olur. Böyük doza oblastında isə dağıdıcı təsir lipidlərlə yanaşı, həm də bioloji makromolekulların özlərini əhatə edir.

3. Bitkilərin bəzi hallarda eyni zamanda bir neçə ekstremal ətraf mühit amilinin təsiri şəraitində yetişdiyini və belə təsirlərin mədəni bitkilərin məhsuldarlığının, yabanı bitkilərin biomüxtəlifliyinin azalmasına səbəb ola bilməsi nəzərə alınaraq, toxumları səpindən əvvəl müxtəlif dozalarda γ-şüalanmanın təsirinə məruz qalmış bəzi dənli bitkilərin (noxud, lobya, qarğıdalı) müxtəlif konsentrasiyalı NaCl məhlulunda boyatma və inkişafı öyrənilmiş, ikili stress şəraitində fotosintez prosesinə xlorofil sintezi və karotinoidlərin miqdar dəyişmələri əsasında müəyyən aydınlıq gətirilmişdir. İkili stress şəraitində oksigenin aktiv formalarının (o cümlədən, sərbəst radikalların) hüceyrə membranlarında yaratdığı “dağıntıların” miqyasını müəyyənləşdirmək üçün membran lipidlərinin perekis oksidləşməsi reaksiyasının əsas məhsullarından olan malondialdehidinin (MDA –nın), ümumi zülalın şüalanma dozasından və NaCl –un konsentrasiyasından asılı dəyişmə dinamikası öyrənilmişdir. Radiasiya və duz streslərinin ayrılıqda və birgə təsiri şəraitlərində noxud, lobya, qarğıdalı bitkilərinin antioksidant müdafiə sisteminin fəaliyyəti bu sistemin prolin, karotinoidlər, antosianlar və flavonoidlər kimi kiçikmolekullu antioksidantların miqdarının və SOD, KAT və APO kimi antioksidant fermentlərinin aktivliklərinin şüalanma dozasından və NaCl –un konsentrasiyasından asılı dəyişmə dinamikası əsasında qiymətləndirilmişdir.

Müəyyən edilmişdir ki, noxud və qarğıdalı bitkiləri üçün:

- həm toxumları səpindən əvvəl müxtəlif dozalarda γ-şüalanmanın təsirinə məruz qalmış, həm də müxtəlif konsentrasiyalı NaCl məhlulunda yetişən noxud və qarğıdalı bitkilərinin stres şəraitlərində boyatma və inkişafında şüalanma dozasından və NaCl –un konsentrasiyasından aşkar asılılıq mövcuddur;

- belə şəraitlərdə bitkinin antioksidant müdafiə sistemi fəallaşır və bu fəallaşmada adı çəkilən sistemin həm antioksidant fermentləri, həm də kiçikmolekullu antioksidantları iştirak edir;

- şüalanma dozasının artması antioksidant fermentlərin aktivliklərinin dəyişməsinə səbəb olur. Bu dəyişmələr NaCl –un müxtəlif konsentrasiyalarında müxtəlif olur. Belə ki, 1, 5 və 10 mM konsentrasiyalı NaCl mühitində SOD – un aktivliyinin azalması, KAT və APO – nun aktivliklərinin isə, kiçik kənaraçıxmaları nəzərə almasaq, artması müşahidə olunur. Duzun konsentrasiyası 50 və 100 mM –a bərabər olan hallarda isə, əksinə, KAT və APO –nun aktivliklərinin azalması, SOD –un aktivliyinin artması fonunda baş verir, yəni stress şəraitlərdə antioksidant fermentlər, müəyyən mənada balanslaşmış fəaliyyət nümayiş etdirir;

- stress şəraitlərdə AMOS –un fəaliyyəti şüalanma dozasının artması ilə stress zülalların sintezinin sürətlənməsinə səbəb olur və yüksək şüalanma dozalarında müşahidə olunan artma tendensiyası yüksək konsentrasiyalı duz mühitində daha iri miqyaslı olur;

- oxşar formada dəyişmə dinamikası karotinoidlər üçün də xarakterikdir. Belə ki, həm şüalanma dozasının, həm də duz konsentrasiyasının artması bu piqmentlərin miqdarının artması ilə nəticələnir. Hesab olunur ki, radiasiya və duz streslərinin birgə təsiri şəraitlərində karotinoidlərin miqdarının artması bitki hüceyrələrinin stress şəraitə adaptiv cavab reaksiyasıdır;

- karotinoidlərdən fərqli olaraq, antosianlara aşağı doza oblastında artma, yuxarı doza oblastında isə, əksinə, azalma tendensiyası xarakterikdir. Bu formada dəyişmə dinamikası NaCl – un, demək olar ki, bütün konsentrasiyalarında saxlanılır. Sadəcə olaraq, kiçik duz konsentrasiyalarında bu dəyişmə dik rezonans xarakter daşıyır;

- yaşıl piqmentlərə dair aldığımız nəticələrdən diqqəti daha çox cəlb edən tədqiq olunan bitkinin Xl b ilə müqayisədə daha yüksək Xl a tərkibinə malik olmasıdır. Şüalanma dozasından və duz konsentrasiyasının asılı dəyişmə dinamikasına gəldikdə isə, aydın olur ki, NaCl – un aşağı konsentrasiyalarında şüalanma dozasının artması Xl a – nın nəzərəçarpacaq, Xl b – nin isə cüzi artmasına səbəb olur. Yüksək duz konsentrasiyalarında isə şüalanma dozasının artması yaşıl piqmentlərin miqdarında dəyişmələr yarada bilmir. Bitkilərin boyatma və inkişafının yaşıl piqmentlərin sintezi ilə üzvi surətdə bağlı olmasını nəzərə alaraq, hesab etmək olar ki, stress amillərin birgə təsiri stimullaşdırıcı deyil, daha çox ingibirləşdirici effekt yarada bilir;

- antioksidant fermentlər və kiçik molekullu antioksidantlarıpn əlaqəli, uzlaşmış fəaliyyəti bu bitkilərin stress amillərin zədələyici təsirindən effektiv mühafizəsini təmin edir;

- belə şəraitdə stress amillərin intensivliyindən asılı olaraq, bitkilərin antioksidant müdafiə sisteminin antioksidant fermentləri həm öz aralarında, həm də kiçik molekullu antioksidantlarla balanslaşmış, korrelyativ fəaliyyət göstərir ki, bu da onların stress amillərin zədələyici təsirindən mühafizəsini təmin edir. Hesab olunur ki, bitkilərdə belə şəraitlərə adaptiv-uyğunlaşma əlamətlərinin formalaşma mexanizminin detallarının müəyyənləşdirilməsi stress amillərinə yüksək rezistentlik göstərə bilən bitki növlərinin seçilməsi, bitkilərin stress amillərin təsirinə davamlılığının artırılması və bu proseslərin idarəolunabilməsi yollarında geniş perspektivlər açır.

4. Тoxumların səpindən əvvəl 0.3, 0.5, 1, 1.5 və 2 kQr kimi yüksək dozalarda (sterilizasiya dozalarında) işlənməsinin kartof, lobya, badımcan, xiyar və pomidor bitkilərinin boyatma və inkişafına təsiri öyrənilmiş, fotosintetik piqmentlərin miqdar dəyişmələri və kiçik və böyük molekullu antioksidantların dəyişmə dinamikası əsasında yüksək dozalı radioaktiv şüalanmanın fotosintez prosesinə və antioksidant müdafiə sisteminin fəaliyyətinə təsiri qiymətləndirilmişdir.

Müəyyən edilmişdir ki:

- toxumların səpindən əvvəl qamma şüalarla işlənməsinin kartof üçün letal doza oblastı 0,3 – 2 kQr, lobya, xiyar və pomidor üçün 0,5 – 2 kQr, badımcan üçün isə 1 – 2 kQr – dir. Hesab olunur ki, 0.3 kQr və ondan böyük sterilizasiya dozaları mikroorqanizmlərin məhv edilməsi baxımından kartofun uzun müddətə saxlanılmasını təmin etsə də, bu dozalar kartof toxumlarının növbəti səpin üçün istifadəsini təmin edə bilmir;

- 0,3 kQr şüalanma dozası badımcanda xlorofil a və b–nın sintezini sürətləndirir, lobya və pomidorda bu piqmentlərin sintezinə, demək olar ki, təsir göstərmir, xiyarda isə xlorofil a–nın sintezini ingibirləşdirdiyi halda xlorofil b–nın sintezini sürətləndirir;

- toxumları səpindən əvvəl şüalanmamış bitkilərdən badımcan bitkisi daha çox, pomidor bitkisi ona nisbətən az, xiyar bitkisi ondan da az, lobya bitkisi isə ən az miqdarda MDA –ya malik olur;

- toxumları səpindən əvvəl qamma şüalarla işlənməmiş kontrol bitkilərdən lobya və badımcan təxminən eyni miqdarda və nisbətən daha çox zülal tərkibinə malik olur və toxumların səpindən əvvəl qamma şüalarla işlənməsi zülal tərkibini əhəmiyyətli dərəcədə dəyişdirə bilmir;

- karotinoidlərin miqdarı pomidorun kontrol nümunəsində daha çox, lobyanın kontrol nümunəsində isə daha az olur. Karotinoidlərin miqdarının lobya və pomidor bitkilərinin toxumlarının radioaktiv şüalarla işlənməsi prosesində artması müşahidə olunur. Toxumların səpindən əvvəl radioaktiv şüalarla işlənməsi xiyarda bu piqmentlərin miqdarını dəyişdirə bilmir, badımcanda isə şüalanma dozasının artması sarı piqmentlərin miqdarının əvvəlcə kiçik, sonra isə kəskin azalmasına səbəb olur;

- toxumların 0,3 kQr dozada radioaktivv şüalarla işlənməsi bütün bitkilərdə həm antosian, həm də ptolin sintezinə stimullaşdırıcı təsir göstərir;

- xiyar bitkisinin kontrol nümunəsi yüksək APO və KAT aktivliyinə malik olur və tədqiq olunan bitkilərin hamısında toxumların şüalanması ferment aktivliyini azaldır;

- tədqiq olunan bitkilərin həm kontrol, həm də təcrübə nümunələri APO və KAT –a görə oxşar formada aktivlik nümayiş etdirir, başqa sözlə desək, bu fermentlər antioksidant müdafiə sisteminin fəaliyyətində oxşar formada rola malik olurlar;

- kiçik APO və KAT aktivliklərinə malik olan lobya, pomidor və badımcan yüksək SOD aktivliyinə, böyük APO və KAT aktivliklərinə malik olan xiyar isə kiçik SOD aktivliyinə malik olur. Başqa sözlə, antioksidant fermentlər bitkilərdə müəyyən mənada balanslaşmış fəaliyyət göstərirlər.