İçindəki
Xəbərlər
Fizika İnstitutunda İnnovasiya və Texnologiyaların Transferi Ofisi ilə laboratoriya əməkdaşları arasında silsilə görüşlər davam edir
10 iyun 2026-cı il tarixində Elm və Təhsil Nazirliyinin Fizika İnstitutu PHŞ-də “İnnovasiya və Texnologiyaların Transferi Ofisinin” (TTO) əməkdaşları ilə “Nanoelektronika və bionanostrukturlar” laboratoriyasının əməkdaşları arasında görüş keçirilib.
Görüş zamanı “Nanoelektronika və bionanostrukturlar” laboratoriyasının rəhbəri, fizika elmləri doktoru Rasim Cabbarov rəhbərlik etdiyi laboratoriyanın elmi fəaliyyət istiqamətləri, həyata keçirilən tədqiqat işləri və əldə olunmuş nəticələr barədə ətraflı məlumat verib. O, xüsusilə laboratoriyada son illər ərzində aparılan LED texnologiyaları sahəsində tədqiqatlardan, əldə edilmiş elmi nailiyyətlərdən və onların müxtəlif tətbiq sahələrində istifadəsi imkanlarından behs edib.
Tədbir çərçivəsində laboratoriyada əldə olunan elmi nəticələr və onların innovativ məhsullara çevrilməsi perspektivləri müzakirə olunub. Həmçinin mövcud tədqiqatların sənaye və istehsalat sahələrində tətbiqi imkanları, eləcə də bu istiqamətdə görülə biləcək işlər barədə fikir mübadiləsi aparılıb.
Görüşdə əldə edilmiş nəticələrin kommersiyalaşdırılması, texnologiya transferi mexanizmlərinin genişləndirilməsi və elmi işlərin real sektorda tətbiqinin sürətləndirilməsi məsələləri də diqqət mərkəzində olub. Tərəflər innovativ layihələrin həyata keçirilməsi, yeni əməkdaşlıq imkanlarının araşdırılması və perspektiv istiqamətlər üzrə birgə fəaliyyətin təşkili barədə müzakirələr aparıb.
Sonda laboratoriyanın əldə etdiyi elmi nəticələrin tətbiqi baxımından daha səmərəli istiqamətlər müəyyənləşdirilib, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və innovasiya fəaliyyətinin gücləndirilməsi ilə bağlı təkliflər səsləndirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.radiation.gov.az saytına istinad zəruridir.








