İçindəki
Xəbərlər
Fizika İnstitutunda İnnovasiya və Texnologiyaların Transferi Ofisi ilə laboratoriya əməkdaşları arasında silsilə görüşlər davam edir
15 iyul 2026-cı il tarixində Elm və Təhsil Nazirliyi Fizika İnstitutu PHŞ-də İnnovasiya və Texnologiyaların Transfer Ofisinin (TTO) əməkdaşları ilə “Yarımkeçiricilər və yarımkeçirici nanostrukturlar” laboratoriyasının əməkdaşları arasında növbəti görüş keçirilib.
İclası giriş sözü ilə açan TTO-nun rəhbəri Namiq Heydərov iştirakçılara TTO-nun fəaliyyət istiqamətləri, əsas məqsədləri və elmi nəticələrin innovativ məhsullara çevrilməsi istiqamətində həyata keçirilən işlər barədə ətraflı məlumat verib.
Daha sonra laboratoriyanın baş elmi işçisi, professor Hüseyn İbrahimov laboratoriyanın fəaliyyət istiqamətləri haqqında geniş təqdimatla çıxış edib. O, yarımkeçirici nanostrukturlarda kvant məftilləri və kvant çuxurlarında kinetik və optik xassələrin öyrənilməsi istiqamətində aparılan tədqiqatlar, həmçinin laboratoriyada əldə olunmuş patentlər və onların tətbiq perspektivləri barədə ətraflı məlumat verib.
Görüş qarşılıqlı diskussiya və fikir mübadiləsi şəraitində davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Tədbirin sonunda TTO-nun rəhbəri Namiq Heydərov iştirakçılara təşəkkürünü bildirərək onlara gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb. O, bu cür görüşlərin institut daxilində əməkdaşlığın genişlənməsinə, innovativ ideyaların təşviqinə və elmi nəticələrin sənayeyə transferinə mühüm töhfə verdiyini vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.radiation.gov.az saytına istinad zəruridir.









