RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
EN RU

Xəbərlər

Fizika İnstitutunun nəzəriyyəçi alimləri beynəlxalq elmi konfransda iştirak ediblər

[29.04.2026]

19–26 aprel 2026-cı il tarixlərində Türkiyənin Fəthiyə şəhərində dünyanın 61 ölkəsindən 800-dən çox alimin iştirakı ilə “İfratkeçiricilik və Maqnetizm” (ICSM2026) və “Kvant Materialları və Texnologiyaları” (ICQMT2026) üzrə birgə beynəlxalq konfranslar keçirilib. 11-ci dəfə təşkil olunan bu elmi tədbir ifratkeçiricilik, kvant materialları və onların fundamental və texnoloji tətbiqləri sahəsində əldə edilən ən son nailiyyətlərin müzakirəsi üçün mühüm platforma rolunu oynayır.

Konfrans çərçivəsində yüksək temperaturlu ifratkeçiricilik, dielektrik–ifratkeçirici faza keçidləri, nanoölçülü sistemlərdə ifratkeçiricilik və maqnetizm hadisələrinin qarşılıqlı təsiri, eləcə də tək və çoxzonalı ifratkeçiricilər üzrə ən müasir nəzəri və eksperimental nəticələr geniş şəkildə müzakirə olunub.

Elm və Təhsil Nazirliyinin Fizika İnstitutu PHŞ-nin “Nəzəri fizika və kvant informatikası” laboratoriyasının rəhbəri, f.e.d. Elçin Cəfərov və laboratoriyanın aparıcı elmi işçisi, f.f.d. Aynurə Cəfərova sözügedən konfransda məruzə ilə çıxış etmək üçün dəvət olunublar.

22 aprel 2026-cı il tarixində konfransın “İfratkeçiricilərin nəzəriyyəsi və perspektiv nazik təbəqələr” bölməsində Elçin Cəfərov “Exact Solution to the Linear Ginzburg–Landau Equation for a Single-Band Type-II Superconductor Confined into a Thin Film Structure”, Aynurə Cəfərova isə “Exact Solution of the Linear Ginzburg–Landau Equation: Nanowire Structure in Type-II Superconductors” mövzularında məruzələrlə çıxış ediblər. Alimlər əldə etdikləri ən son elmi nəticələri beynəlxalq auditoriyaya təqdim edib, mövzu ətrafında geniş müzakirələr aparıblar. Hər iki tədqiqatçı konfransın təşkilat komitəsi tərəfindən sertifikat və təltifnamələrlə mükafatlandırılıb.

20 aprel 2026-cı il tarixində Elçin Cəfərov və Aynurə Cəfərova konfransın təşkilat komitəsinin sədri, Ankara Universitetinin İfratkeçiricilik üzrə Elmi-Tədqiqat Mükəmməllik Mərkəzinin direktoru, professor Ali Gencer ilə görüşüblər. Görüş zamanı tərəflər gələcək elmi əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Sonda ETN Fizika İnstitutu adından professor Ali Gencerə xatirə hədiyyəsi təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.radiation.gov.az saytına istinad zəruridir.