RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
EN RU

Xəbərlər

“Hərbi Münaqişələrin Ətraf Mühitə Təsiri” mövzusunda beynəlxalq konfrans öz işini Qarabağa tematik turla başa çatdırıb

[16.09.2025]

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Hərbi Münaqişələrin Ətraf Mühitə Təsiri” mövzusunda beynəlxalq konfrans öz işini Qarabağa tematik turla başa çatdırıb.

Tədbir Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Radiasiya Problemləri İnstitutu, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Qərbi Kaspi Universiteti, Gürcüstanın Tbilisi Dövlət Universiteti, Türkiyənin Ege Universiteti, Özbəkistanın Qarşı Dövlət Universiteti və Fövqəladə Hallar Nazirliyinin Akademiyasının birgə təşkilatçılığı ilə 10-12 sentyabr tarixlərində Bakı şəhərində keçirilib.

“Grand Europe Hotel”ində baş tutan konfransın açılış mərasimi və plenar iclasında Elm və Təhsil Nazirliyinin elmi-təşkilatlarının və universitetlərinin rəhbərləri, Müdafiə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi və digər əlaqədar təşkilatların 156-dan çox nümayəndəsi iştirak edib. Konfransa həm də Türkiyədən, Ukraynadan, Gürcüstandan, Rusiyadan, Sudandan 10-a yaxın alim iştirak edib, Böyük Britaniya və Pakistan nümayəndələri konfransa onlayn rejimdə qoşulub. Azərbaycanın 6 Nazirliyinə aid olan 17 universitetindən və 19 elmi-tədqiqat mərkəzindən məruzələr təqdim olunub.

Açılış mərasimində AMEA-nın vitse-prezidenti, konfransın təşkilat komitəsinin sədri akademik Rasim Əliquliyev çıxış edərək tədbirin elmi və strateji əhəmiyyətini vurğulayıb: “Məhz bu konfransın açılış mərasimində toplaşaraq elmi ictimaiyyətin diqqətini münaqişələrin ətraf mühitə təsirinə yönəltmişik. Müxtəlif sessiyalar çərçivəsində aparılacaq müzakirələr gələcəkdə bu istiqamətdə fəaliyyətin əlaqələndirilməsinə, ölkədaxili və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə zəmin yaradacaq”.

Sonra Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev çıxış edib: “Konfransın əsas məqsədi münaqişə bölgələrində ətraf mühitə dəyən zərərlərin elmi əsaslarla araşdırılması, ekoloji fəsadların qiymətləndirilməsi və onların aradan qaldırılması yollarının müəyyənləşdirilməsidir. Təqdim olunacaq məruzələr tamamilə elmi xarakter daşıyır və siyasi müzakirələrdən kənar saxlanılacaq”.

Konfransın təşkilatçılarından biri olan Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova açılış mərasimində çıxış edərək qeyd edib ki, müharibələrin ətraf mühitə vurduğu ziyan bəşəriyyətin inkişafına mane olur; yaratdığı risklər uzun müddət insan həyatı üçün təhlükə yaradır. Bölgəmizdə son 30-35 ildə aparılan müharibələr fauna və floraya, su resurslarına, hava şəraitinə ziyan vuraraq insan sağlamlığına və bütövlükdə ekosistemə təhlükə yaradır.

Elm və Təhsil Nazirliyinin müşaviri Nicat Məmmədli konfransın əhəmiyyətindən danışaraq qeyd edib ki, bu səviyyədə təşkil olunan elmi konfranslarda aparılan müzakirələrin nəticələri müəyyən münaqişələrin sülh yolu ilə həll olunması, əmin-amanlığın bərqərar olması sahəsində siyasət sənədlərinin yaradılması üçün əsaslar yaradır və bu imkandan səmərəli istifadə etmək lazımdır. Azərbaycan Milli Müdafiə Universitetinin prorektoru general-mayor Arif Həsənov, akademik Adil Qəribov konfransın multidissiplinar xarakter daşımasını qeyd ediblər və beynəlxalq əməkdaşlıq yaradılması üçün onun əhəmiyyətindən danışıblar.

“Hərbi Münaqişələrin Ətraf Mühitə Təsiri” mövzusunda beynəlxalq konfransın plenar iclasında müharibədən qalmış minaların, qanunsuz mədən fəaliyyətinin və ekoloji şüurun gələcək inkişafının müxtəlif aspektləri elmi müstəvidə araşdırılıb. Rusiya Prezident Akademiyasının professoru, fəlsəfə elmləri doktoru Nizami Məmmədov “Hərbi və ekoloji fəaliyyətin birgə mövcudluğu müasirliyin paradoksal atributudur” mövzusunda çıxış edərək, müasir dövrdə hərbi strategiyaların ekoloji mülahizələrlə necə çarpazlaşdığını fəlsəfi və metodoloji aspektlərdən təhlil edib. Məruzədə ekoloji sivilizasiya anlayışının formalaşması, müharibə və ekoloji məsuliyyətin birgə dəyərləndirilməsi kimi aktual məsələlərə toxunulub.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndəsi Elnur Qasımov “Müharibədən qalmış minaların və partlayıcı qalıqların Azərbaycan Respublikasının ətraf mühitinə mənfi təsiri” mövzusunda çıxış edərək, işğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı qalıqların torpaq, su və canlı aləmə yaratdığı təhlükələri faktlarla əsaslandırıb.

Radiasiya Problemləri İnstitutunun laboratoriya rəhbəri Famil Hümbətov “Şərqi Zəngəzur rayonunda işğal dövründə qanunsuz mədən fəaliyyətinin ətraf mühitə təsiri” mövzusunda təqdimatla çıxış edib. Məruzədə işğal zamanı aparılan nəzarətsiz mədən istismarı nəticəsində yaranmış ekoloji pozuntular, torpaq strukturu və su ehtiyatlarına vurulan zərərlər elmi təhlillərlə təqdim olunub.

Plenar iclasda sual-cavab sessiyası təşkil olunub və iştirakçılar təqdim olunan məruzələr ətrafında fikir mübadiləsi apararaq, elmi və praktiki yanaşmaların inteqrasiyası ilə bağlı təkliflər səsləndirib.

Beynəlxalq Konfransın işi 2 gün ərzində 6 seksiyada davam etdirilib. Hərbi əməliyyatlarda istifadə olunan texniki və kimyəvi vasitələr, müharibələr zamanı yaranan radioekoloji risklər, hərbi əməliyyatların ekosistemin müxtəlif komponentlərinə təsiri, habelə müharibədən sonra ətraf mühitin reabilitasiyası sahəsində beynəlxalq əməkdaşlığa həsr olunmuş bu seksiyalarda 100-ə qədər məruzə dinlənilib və müzakirələr aparılıb. Konfrans öz işini Qarabağa tematik turla başa çatdırıb. 40-dan çox konfrans iştirakçısı, o cümlədən xarici qonaqlar Ağdamda, Xocalıda, Əsgəranda, Şuşada və Xankəndidə müharibə nəticəsində dağıdılmış yaşayış məntəqələrini, tarixi abidələri, deqradasiyaya uğramış təbii resursları öz gözləri ilə görüb və sonda Şuşa qalasının Gəncə qapısı önündə konfransın bağlanış mərasimi keçiriblər. Hazırda məruzələrin təhlili və onların Radiasiya Problemləri İnstitutunun “Journal of Radiation Researches” jurnalında çap olunması məsələləri müzakirə olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.radiation.gov.az saytına istinad zəruridir.