RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
EN RU

Xəbərlər

Radiasiya Problemləri İnstitutunda "20 Yanvar - Ümumxalq Hüzn Günü"nə həsr olunmuş anım tədbiri keçirilib

[19.01.2026]

Bu gün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda ümumxalq hüzn gününə, “20 Yanvar” faciəsinə həsr olunmuş tədbir keçirilmişdir. 1990-cı ildə Vətənin azadlığı, müstəqilliyi uğrunda canını qurban verənlərin əziz xatirəsi hörmət və etiramla yad edilmişdir.

Xalqımıza qarşı törədilmiş bu cinayətin canlı şahidləri olan institut əməkdaşları-Bəxtiyar Nəcəfov, Nizami Rzayev, Oktay Salamov və b. “Qanlı Yanvar” qətliamından 36 il ötsə də o dəhşətli günləri bu günkü kimi xatırlayıb, öz xatirələrini danışdılar. “20 Yanvar”ın hüzn günü ilə bərabər, həm də qürur və milli iradə günü oldudunu, 20 Yanvar şəhidlərinin xalqımıza azadlıq adlı bir miras qoyduqlarını söylədilər. Rəvan Mehdiyeva faciədən dərhal sonra – 1990-cı il yanvarın 21-də böyük siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu, SSRİ rəhbərliyinin Bakıya qoşun yeridilməsi haqqındakı qərarını insanlığa, demokratiyaya və konstitusiyaya zidd addım kimi qiymətləndirərək bu faciəni törədənlərin cəzalandırılmasını tələb etdiyini xatırlatdı. Ümummilli Lider Heydər Əliyevin respublika rəhbərliyinə qayıtdıqdan sonra 1994-cü ilin mart ayının 29-da Milli Məclisin “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul etməsi, respublika səviyyəsində faciəyə hüquqi-siyasi qiymət verildiyindən danışdı. Bu gün Şəhidlər Xiyabanında ucalan “Əbədi məşəl” abidə kompleksinin də məhz Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq inşa edildiyini, ulu öndər Heydər Əliyevin 2000-ci il yanvar ayının 17-də imzaladığı fərmanla 1990-cı ilin faciəli yanvar günlərində şəhid olmuş oğul və qızlarımıza “20 yanvar şəhidi” fəxri adı verildiyini vurğuladı.

Daha sonra o şənbə gecəsi, o qətl gününə həsr edilmiş film nümayiş etdirildi.

Azərbaycan xalqının qürur mücəssəməsinə çevrilən, ən yeni tariximizin şərəfli səhifələrindən biri sayılan bu faciə xalqımızın azadlıq, demokratiya və suverenlik uğrunda apardığı mübarizənin dönməzliyini bütün dünyaya nümayiş etdirdi, milli azadlıq hərəkatının müstəqilliyə doğru irəliləməsində ciddi dönüş nöqtəsi oldu. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi birləşmələrinin Azərbaycanda törətdiyi kütləvi qırğından 36 il keçməsinə baxmayaraq xalqımız həmin faciənin ağır nəticələrini bu gün də xatırlayır. Vətənin azadlığı və suverenliyi uğrunda canından keçmiş oğul və qızları dərin ehtiramla yad edir.

Sovet rəhbərliyi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinin qarşısını almaq, milli-azadlıq hərəkatına zərbə vurmaq üçün törətdiyi bu qətliamla imperiyanın süqutunu yaxınlaşdırdı.

Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyevnin rəhbərliyi ilə Müzəffər Ordumuzun 2020-ci ilin sentyabrın 27-sindən torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başladığı Vətən müharibəsi Zəfərlə başa çatıb, şəhidlərimizin qisası alınıb, qanları yerdə qalmayıb. Bu il 20 Yanvar faciəsini bir başqa əhval-ruhiyyədə, bütöv Azərbaycanın, Qalib ölkənin vətəndaşları kimi yad edirik. Bir tərəfdən kədər hissi, digər tərəfdən qürurla şəhidlərimizi ziyarət edirik.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.radiation.gov.az saytına istinad zəruridir.