İçindəki
Xəbərlər
Elm və sənayenin inkişafı naminə yeni əməkdaşlıq: Üç qurum arasında memorandum imzalandı
25 iyun 2025-ci il tarixində Elm və Təhsil Nazirliyi Yüksək Texnologiyalar Parkında Parkın rezidenti olan “ETN Təcrübə-Sənaye Zavodu” MMC, Fizika İnstitutu Publik Hüquqi Şəxsi və Kimya İnstitutu Publik Hüquqi Şəxsi rəhbər heyəti arasında görüş keçirilib.
Görüşdə Fizika İnstitutunun direktoru vəzifəsini icra edən professor Elçin Hüseynov, Kimya İnstitutunun direktoru vəzifəsini icra edən professor Əfsun Sucayev, ETN Təcrübə-Sənaye Zavodunun baş direktoru, kimya üzrə fəlsəfə doktoru Səxavət Rüstəmov, eləcə də hər üç qurumun əməkdaşları iştirak ediblər.
Görüşün əsas məqsədi elmi müəssisələrlə istehsalat arasında əməkdaşlığın genişləndirilməsi, innovativ və tətbiqi elmi tədqiqatların birgə həyata keçirilməsi, əldə olunan elmi nəticələrin istehsalata transferi, eləcə də qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlıq imkanlarının müzakirəsi olub.
Tədbir çərçivəsində əvvəlcə iştirakçılar ETN Təcrübə-Sənaye Zavodunun istehsal sahəsi, Elmi Tədqiqat Sınaq Laboratoriyası və digər infrastruktur imkanları ilə tanış olublar. Daha sonra nümayəndə heyəti Fizika İnstitutunun “Qamma Şüalandırma Kompleksi”nə baxış keçirərək kompleksin elmi-tədqiqat və tətbiqi imkanları barədə ətraflı məlumat əldə edib.
Görüş zamanı ETN Təcrübə-Sənaye Zavodunun baş direktoru Səxavət Rüstəmov təqdimatla çıxış edərək müəssisənin fəaliyyət istiqamətləri, həyata keçirdiyi innovativ layihələr və sənaye sektorunda tətbiq olunan texnologiyalar barədə ətraflı məlumat verib. Bildirib ki, Zavod ölkədə neft-kimya sahəsində innovativ sınaq və tətbiqi tədqiqatların həyata keçirildiyi ilk və yeganə ixtisaslaşmış müəssisə olmaqla, elmlə istehsalat arasında effektiv əlaqələrin qurulmasına mühüm töhfə verir.
Müzakirələr zamanı tərəflər elmi potensialın istehsalat imkanları ilə inteqrasiyasının ölkədə innovasiya ekosisteminin inkişafına mühüm töhfə verəcəyini qeyd ediblər.
Görüşün sonunda “ETN Təcrübə-Sənaye Zavodu” MMC, Fizika İnstitutu Publik Hüquqi Şəxsi və Kimya İnstitutu Publik Hüquqi Şəxsi arasında elmi-tədqiqat sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Memoranduma əsasən, tərəflər elmi-tədqiqat fəaliyyətinin birgə həyata keçirilməsi, innovativ layihələrin hazırlanması və icrası, elmi nəticələrin kommersiyalaşdırılması və istehsalata transferi, yüksəkixtisaslı elmi kadrların hazırlanması, müştərək laborator və tətbiqi tədqiqatların aparılması istiqamətində əməkdaşlıq edəcəklər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.radiation.gov.az saytına istinad zəruridir.








