RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
EN RU

Xəbərlər

Fizika İnstititunda Novruz və Ramazan Bayramları münasibətilə tədbir keçirilib

[18.03.2026]

18 mart 2026-cı il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutu Publik Hüquqi Şəxsində Novruz və Ramazan Bayramları münasibəti ilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə institutun direktoru vəzifəsini icra edən professor Elçin Hüseynov açıb.

Professor Elçin Hüseynov Novruz bayramının qədim köklərə və ənənələrə aid olduğunu qeyd edib. Novruz xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Qədim tarixə malik Novruz həm də əcdadlarımızın bizə töhfəsi, onlardan qalan mirasdır. Tarixən milli düşüncə tərzinin və məfkurəsinin formalaşmasında, insanların yüksək əxlaqi dəyər və normalar çərçivəsində yaşamasında böyük rol oynayan Novruz bayramı özündə paklığı, mühüm insani dəyərləri tərənnüm edir. Varlığın yenidən canlanmasını müjdələyən Novruz əsrlər boyu həm də insanlarımızı işıqlı sabaha, xoşbəxt gələcəyə aparıb. Bu bayram sülh və əmin-amanlığın təmin olunması, insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər yaradıb.

Azərbaycana rəhbərliyinin birinci dövründə xalqımızın Ümummilli Lideri Heydər Əliyev sovet hakimiyyətinin qadağalarına baxmayaraq, milli ruhun yüksəlişinə təkan verən amillərə xüsusi hörmətlə yanaşmışdır. Milli adət-ənənələrimizə, o cümlədən Novruz bayramına yüksək qiymət verən Ulu Öndər Heydər Əliyev bu bayram haqqında demişdir: “Novruz xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir. Onun tarixi də Azərbaycan xalqının tarixi kimi keşməkeşli, enişli-yoxuşlu olmuşdur. Bu ulu bayramın müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir”.

Daha sonra söz institutun əməkdaşlarına verilib. AMEA-nın müxbir üzvü Səlimə Mehdiyeva, dosent Rəvan Mehdiyeva, elmlər doktoru Təranə Nurubəyli, Həmkarlar Komitəsinin sədri, fizika üzrə fəlsəfə doktoru Sitarə Bağırova və elmi işçi Bayram Xudayarov çıxış edərək institut əməkdaşlarını qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə səmimi qəlbdən təbrik etmiş, onlara xoş arzularını və ürək sözlərini çatdırmışlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.radiation.gov.az saytına istinad zəruridir.