İçindəki
Xəbərlər
Fizika İnstitutu aliminin növbəti uğuru
Azərbaycan elmi mühitində radiobiologiya sahəsində növbəti əlamətdar hadisə baş verib. Elm və Təhsil Nazirliyi Fizika İnstitutu PHŞ-in əməkdaşı, biologiya elmləri doktoru, professor Elimxan Süleyman oğlu Cəfərovun Anar Cəfərovla həmmüəllif olduğu “A Study in Plant Radiobiology: Responses to Ionizing Radiation” adlı elmi monoqrafiya 2026-cı ildə Böyük Britaniyanın nüfuzlu Cambridge Scholars Publishing nəşriyyatında çap olunub.
368 səhifədən ibarət əsər 15 iyul 2026-cı ildə həm çap, həm də elektron formatda nəşr olunaraq beynəlxalq elmi dövriyyəyə daxil edilib. Kitabın çap versiyasına 978-1-0364-7519-2, elektron versiyasına isə 978-1-0364-7520-8 ISBN nömrələri verilib. Nəşr barədə məlumat nəşriyyatın rəsmi internet resursunda da təqdim olunub.
Əsərin beynəlxalq səviyyəli nəşri Azərbaycan alimlərinin elmi potensialının göstəricisi olmaqla yanaşı, ölkədə radiobiologiya və radioekologiya istiqamətlərində aparılan tədqiqatların elmi əhəmiyyətini də nümayiş etdirir. Əsərdə ionlaşdırıcı şüalanmanın bitkilərdə yaratdığı dəyişikliklər, müxtəlif bioloji reaksiyalar və bu təsirlərin qanunauyğunluqları geniş şəkildə təhlil edilir.
Müəlliflər bitki radiobiologiyası üzrə müxtəlif dövrlərdə aparılmış elmi araşdırmaların nəticələrini ümumiləşdirərək, ionlaşdırıcı şüalanmanın bitki orqanizmlərinə təsir mexanizmlərinə dair sistemli elmi yanaşma təqdim ediblər.
Bu nəşr Azərbaycan radiobiologiya məktəbinin beynəlxalq elmi məkanda tanıdılması baxımından mühüm addım kimi qiymətləndirilə bilər və yerli alimlərin fundamental tədqiqatlarının dünya elmi ictimaiyyətinə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
https://www.cambridgescholars.com/product/978-1-0364-7519-2
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.radiation.gov.az saytına istinad zəruridir.




