İçindəki
Xəbərlər
Fizika İnstitutu ilə “Norm” Sement Zavodu arasında elmi-istehsalat əməkdaşlığı müzakirə olunub
3 avqust 2026-cı il tarixində Fizika İnstitutu PHŞ-in əməkdaşları ilə “Norm” Sement Zavodunun nümayəndələri arasında elmi-texnoloji əməkdaşlıq imkanlarına həsr olunmuş görüş keçirilib.
Radiasiya kimyası və radiokimya laboratoriyasının təşəbbüsü və təşkilatçılığı ilə keçirilən görüşdə elmi nəticələrin istehsalata inteqrasiyası və kommersiyalaşdırılması, sement istehsalı prosesində qarşıya çıxan texnoloji və ekoloji problemlərin elmi yanaşmalar əsasında həlli, həmçinin innovativ material və texnologiyaların tətbiqi perspektivləri müzakirə olunub.
Müzakirələr zamanı istehsalat ehtiyaclarına uyğun elmi-tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi, laboratoriya imkanlarından istifadə, sənaye tullantılarının təkrar emalı və faydalı məhsullara çevrilməsi, məhsulların keyfiyyət göstəricilərinin yaxşılaşdırılması, eləcə də birgə tədqiqat və innovasiya layihələrinin həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Fizika İnstitutu tərəfindən Radiasiya kimyası və radiokimya laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru Rəna Xankişiyeva, İnnovasiya və Texnologiyaların Transferi Ofisinin rəhbəri Namiq Heydərov, böyük elmi işçi, kimya üzrə fəlsəfə doktoru Hacı Vahid Axundzadə və aparıcı mühəndis, fizika üzrə fəlsəfə doktoru Vüqar Xudaverdiyev iştirak ediblər.
“Norm” Sement Zavodunu Keyfiyyətə Zəmanət və Keyfiyyətə Nəzarət üzrə müdiri, kimya üzrə fəlsəfə doktoru Xəyyam Vəliyev və şöbənin aparıcı mühəndisi Rüfət Oğuztürk təmsil ediblər.
Görüşün sonunda tərəflər elm ilə istehsalat arasında səmərəli əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayaraq, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə konkret elmi-texniki təkliflərin hazırlanması və əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.radiation.gov.az saytına istinad zəruridir.








