İçindəki
Xəbərlər
Fizika İnstitutu PHŞ-də Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib
26.02.2026-cı il tarixində Fizika İnstitutu PHŞ-də Xocalı qətliamının 34-cü ildönümü münasibəti ilə tədbir keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının himninin səslənməsi ilə açılmış, Xocalı, eləcə də Qarabağ münaqişəsi zamanı şəhid olmuş soydaşlarımızın əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan institutun direktoru vəzifəsini icra edən professor E. Hüseynov bildirdi ki, 34 il bundan əvvəl Rusiyanın 366-cı motoatıcı alayının dəstəyi ilə erməni hərbi birləşmələri 2500 nəfər əhalinin yaşadığı Xocalı şəhərinə hücum etmiş, dinc əhaliyə qarşı misli görünməmiş vəhşiliklər törətmiş və bəşər tarixinin ən qanlı soyqırımlarından birini həyata keçirmişlər. O qeyd etdi ki, 1994-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclisdə “26 Fevral – Xocalı Soyqırımı Günü” haqqında xüsusi qərar qəbul edilmiş, həmin sənəddə bu faciənin başvermə səbəbləri, mahiyyəti və günahkarları geniş şəkildə öz əksini tapmışdır. Bununla yanaşı, professor E. Hüseynov vurğuladı ki, Xocalı soyqırımının canlı şahidlərinin ifadələri, həmçinin video-materiallarla təsdiqlənən faktlar erməni cəlladlarının törətdiklərinin insanlığa qarşı yönəlmiş ən dəhşətli cinayətlərdən biri olduğunu açıq şəkildə sübut edir. Buna baxmayaraq, o təəssüflə qeyd etdi ki, dünyanın bəzi ölkələri bu həqiqətlər qarşısında hələ də susmağa davam edir və baş vermiş bu dəhşətli soyqırıma lazımi hüquqi-siyasi qiymət verməkdən yayınırlar.
Sonra söz prof. Hüseyn İbrahimova verildi. Natiq o dəhşətli gecənin qurbanları, 44 günlük Vətən müharibəsində Xocalı şəhidlərinin qisasının alınmasından, antiterror əməliyyatından sonra Xocalının azad edilməsindən danışdı. Sonda dosent Rəvan Mehdiyeva Xocalı soyqırımı ilə bağlı statistik açıqlama verdi, soyqırım zamanı valideynlərini itirmiş uşaqlara göstərilən dövlət və millət qayğısından, Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan “Ana harayı” abidəsindən, Heydər Əliyev Fondunun vtse prezidenti Leyla Əliyevanın “Xocalıya ədalət” kompaniyası vasitəsi ilə soyqırım haqda faktların dünya ictimaiyyətinə çatdırılması istiqamətində apardığı sistemli və ardıcıl fəaliyyətindən söhbət açdı. Artıq Xocalının yenidən dirçəldiyini, 144 ailənin orada məskunlaşdığını və Qarabağın cənnət guşələrindən birinə çevrildiyini vurğuladı.
Tədbirin sonunda Xocalıya həsr olunmuş fideo- çarx nümayiş etdirildi və institutun gənc alim və tədqiqatçıları “Ana harayı” abidəsini ziyarət etməyə yollandılar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.radiation.gov.az saytına istinad zəruridir.







