İçindəki
Xəbərlər
Fizika İnstitutunda Gənclər Günü qeyd olunub
2 fevral 2026-cı il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda Gənclər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə institutun direktor v.i.e., fizika elmləri doktoru, professor Elçin Hüseynov açaraq əməkdaşları Gənclər Günü münasibətilə təbrik edib.
Professor Elçin Hüseynov çıxışında qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı il fevralın 2-də Müstəqil Azərbaycan Respublikası gənclərinin birinci forumu keçirilib. Ümummilli Lider Heydər Əliyevin müvafiq Sərəncamı ilə fevralın 2-si ölkəmizdə Gənclər Günü kimi rəsmiləşdirilib və hər il qeyd olunur. Vurğulanıb ki, 2 fevralın Gənclər Günü kimi elan olunması birbaşa Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsasları formalaşdırılıb, gənclərin inkişafına sistemli dəstək mexanizmləri qurulub.
Gənclərin ölkənin ictimai-siyasi həyatındakı rolundan bəhs edən professor Elçin Hüseynov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və gənclər dövlətin etibarlı dayağına çevriliblər. Dövrün çağırışlarına uyğun olaraq gənclərin milli-mənəvi dəyərlərə sadiq, savadlı, təşəbbüskar və məsuliyyətli yetişməsi xüsusi əhəmiyyət daşıyır. Ölkəmizdə gənclərə göstərilən dövlət qayğısı onların daha böyük hədəflər qarşısında inamla irəliləməsinə geniş imkanlar yaradır. Qeyd olunub ki, əsas vəzifəmiz bu etimadı doğrultmaq, bilik və bacarıqlarımızı davamlı şəkildə artırmaq, elmi nəticələrimizlə cəmiyyətə real fayda verməkdir.
Tədbirdə institutun Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri – fizika üzrə fəlsəfə doktoru Behbud İbrahimov və Əli Məmmədov da çıxış ediblər. Natiqlər bildiriblər ki, gənclər hər zaman yeniliyin, inkişafın və tərəqqinin əsas hərəkətverici qüvvəsi olub. Elmin, xüsusilə də fizika kimi fundamental bir sahənin gələcəyi gənclərin ideyaları, enerjisi və axtarış ruhu ilə sıx bağlıdır. Fizika İnstitutunun gəncləri olaraq onlar yalnız mövcud bilikləri mənimsəməklə kifayətlənmədiklərini, eyni zamanda yeni elmi istiqamətlərin formalaşmasında fəal iştirak etməyi qarşılarına məqsəd qoyduqlarını qeyd ediblər.
Çıxışlarda vurğulanıb ki, Fizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının əsas məqsədi gənc alimlərin elmi potensialının üzə çıxarılması, onların beynəlxalq elmi mühitə inteqrasiyasının gücləndirilməsi, bilik və təcrübə mübadiləsinin genişləndirilməsidir. Bu istiqamətdə institut rəhbərliyinin və təcrübəli alimlərin dəstəyinin hər zaman hiss olunduğu diqqətə çatdırılıb və göstərilən dəstəyə görə dərin təşəkkür ifadə edilib.
Sonda gənclərə müraciət olunaraq onların daim öyrənməyə, araşdırmağa və cəsarətlə yeni ideyaların arxasınca getməyə çağırıldıqları bildirilib. Qeyd edilib ki, bu gün atılan hər bir elmi addım sabahın texnoloji və intellektual inkişafının möhkəm təməlini qoyur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.radiation.gov.az saytına istinad zəruridir.







