İçindəki
Xəbərlər
Fizika İnstitutunda İnnovasiya və Texnologiyaların Transferi Ofisi ilə laboratoriya əməkdaşları arasında silsilə görüşlər davam edir
12 iyun 2026-cı il tarixində Elm və Təhsil Nazirliyinin Fizika İnstitutu PHŞ-də “İnnovasiya və Texnologiyaların Transferi Ofisinin” (TTO) əməkdaşları ilə “Aktiv nanokompozitlər” laboratoriyasında aparılan elmi-tədqiqat istiqamətləri və əldə olunan nəticələrin innovativ məhsullara çevrilməsi imkanlarının müzakirəsi məqsədilə laboratoriya əməkdaşları arasında görüş keçirilib.
Görüşdə laboratoriyanın rəhbəri, dosent Mobil Kazımov rəhbərlik etdiyi kollektiv tərəfindən həyata keçirilən “Aktiv və nanokompozitlərdə termodinamik və elektron proseslərin tədqiqi” mövzusu üzrə aparılan elmi işlər haqqında ətraflı məlumat verib. Bildirilib ki, laboratoriyada polyar və qeyri-polyar polimerlər əsasında alınmış nanokompozit materialların quruluşu, fiziki-kimyəvi xüsusiyyətləri, həmçinin onlarda baş verən termodinamik və elektron proseslər geniş şəkildə araşdırılır. Aparılan tədqiqatlar yeni funksional materialların yaradılması və onların müxtəlif sənaye sahələrində tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır.
İnnovasiya və Texnologiya Transferi Ofisinin əməkdaşları laboratoriyada əldə olunan elmi nəticələrin kommersiyalaşdırılması, patentləşdirilməsi, sənaye müəssisələri ilə əməkdaşlıq imkanları və texnologiya transferi mexanizmləri barədə təqdimatla çıxış ediblər. Görüş zamanı elmi tədqiqatların innovativ məhsul və texnologiyalara çevrilməsi istiqamətində görülə biləcək işlər, eləcə də gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, birgə layihələrin hazırlanması və elmi nəticələrin praktik tətbiq imkanlarının genişləndirilməsi ilə bağlı təkliflər səsləndirilib. Görüşün innovasiya fəaliyyətinin gücləndirilməsi və elmi nəticələrin iqtisadi dövriyyəyə cəlb olunması baxımından faydalı olduğu vurğulanıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.radiation.gov.az saytına istinad zəruridir.









