İçindəki
Xəbərlər
Fizika İnstitutunda İnnovasiya və Texnologiyaların Transferi Ofisi ilə laboratoriya əməkdaşları arasında silsilə görüşlər davam edir
22 iyul 2026-cı il tarixində Elm və Təhsil Nazirliyi Fizika İnstitutu PHŞ-də İnnovasiya və Texnologiyaların Transfer Ofisinin (TTO) əməkdaşları ilə “İfratkeçiricilər fizikası” laboratoriyasının əməkdaşları arasında növbəti görüş keçirilib.
İclası giriş sözü ilə açan TTO-nun rəhbəri Namiq Heydərov iştirakçılara TTO-nun fəaliyyət istiqamətləri və əsas məqsədləri barədə ətraflı məlumat verib.
Daha sonra laboratoriyanın müdiri, f.ü.f.d. Səidə Əsədullayeva görüş iştirakçılarını salamlayaraq laboratoriyanın əsas fəaliyyət istiqamətləri və əməkdaşların müxtəlif elmi-tədqiqat sahələri üzrə həyata keçirdikləri işlər barədə məlumat verib.
Laboratoriyanın keçmiş əməkdaşı Vaqif Əliyev ifratkeçiricilər, onların tətbiq sahələri və bu istiqamətdə həyata keçirdiyi elmi-tədqiqat işləri barədə iştirakçılara ətraflı məlumat təqdim edib.
Daha sonra laboratoriyanın əməkdaşı, f.ü.f.d. Qurban Əhmədov laboratoriyada əldə olunmuş patentlər və onların tətbiq perspektivləri haqqında məlumat verib.
Ardınca laboratoriyanın əməkdaşı Arzu Sadıqova polimer–nanogil kompozitləri və onların müxtəlif tətbiq istiqamətləri barədə geniş təqdimatla çıxış edib.
Görüş qarşılıqlı müzakirə və fikir mübadiləsi şəraitində davam edib, iştirakçıları maraqlandıran məsələlər ətrafında geniş müzakirələr aparılıb.
Tədbirin sonunda laboratoriyanın müdiri Səidə Əsədullayeva TTO əməkdaşlarına təşəkkürünü bildirərək ofisin fəaliyyətində uğurlar arzulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.radiation.gov.az saytına istinad zəruridir.









