İçindəki
Xəbərlər
Fizika İnstitutunda İnnovasiya və Texnologiyaların Transferi Ofisi ilə laboratoriya əməkdaşları arasında silsilə görüşlər davam edir
3 iyul 2026-cı il tarixində Elm və Təhsil Nazirliyinin Fizika İnstitutu PHŞ-də İnnovasiya və Texnologiyaların Transfer Ofisinin (TTO) əməkdaşları ilə “Kristalloqrafiya və kristallofizika” laboratoriyasının əməkdaşları arasında növbəti görüş keçirilib.
İclası giriş sözü ilə laboratoriyanın baş elmi işçisi, texnika elmləri doktoru, professor Əli Məmmədov açaraq laboratoriyada həyata keçirilən elmi-tədqiqat işləri barədə ətraflı məlumat verib. Görüş zamanı sənayeyə transfer potensialına malik, əmək bazarının tələblərinə cavab verən bir sıra perspektivli layihələr müzakirə olunub.
Daha sonra laboratoriyanın əməkdaşı, f.ü.f.d. Nahidə Musayeva karbon nanoboruları və onların müxtəlif tətbiq sahələri haqqında geniş təqdimatla çıxış edib.
İclasın sonunda laboratoriyanın müdiri, f.ü.f.d. Əliyeva Nərgiz laboratoriyada üç əsas fəaliyyət istiqamətinin mövcud olduğunu, hər bir istiqamətin özünəməxsus üstünlüklərə malik olduğunu iştirakçıların diqqətinə çatdırıb. O, xüsusilə laboratoriyada həyata keçirilən rentgen analizlərinin institutun elmi fəaliyyətində və ümumilikdə Azərbaycan elminin inkişafında mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Görüş qarşılıqlı fikir mübadiləsi və müzakirələr şəraitində davam edib. Tədbirin sonunda TTO-nun rəhbəri Namiq Heydərov iştirakçılara təşəkkürünü bildirərək qeyd edib ki, qarşılıqlı əməkdaşlıq əsasında formalaşacaq yeni təşəbbüslər və birgə fəaliyyətlər Azərbaycanda Fizika elminin inkişafına mühüm töhfə verəcəkdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.radiation.gov.az saytına istinad zəruridir.






