RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
EN RU

Xəbərlər

Fizika İnstitutunda İnnovasiya və Texnologiyaların Transferi Ofisi ilə laboratoriya əməkdaşları arasında silsilə görüşlər davam edir

[06.07.2026]

6 iyul 2026-cı il tarixində Elm və Təhsil Nazirliyi Fizika İnstitutu PHŞ-də İnnovasiya və Texnologiyaların Transfer Ofisinin (TTO) əməkdaşları ilə “Nazik təbəqələr və epitaksial strukturlar” laboratoriyasının əməkdaşları arasında növbəti görüş keçirilib.

İclası giriş sözü ilə açan TTO-nun rəhbəri Namiq Heydərov ofisin fəaliyyəti barədə iştirakçılara ətraflı məlumat verərək, bu cür görüşlərin elmi nəticələrin innovasiya mühitinə inteqrasiyası və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Daha sonra laboratoriyanın rəhbəri, dosent Xuraman Əhmədova laboratoriyanın əsas fəaliyyət istiqamətləri haqqında məlumat verərək, həyata keçirilən elmi-tədqiqat işlərini iştirakçıların diqqətinə çatdırıb.

Ardınca laboratoriyanın baş elmi işçisi, fizika elmləri doktoru Şixəmir Eminov nanostrukturlu materialların müasir tətbiqləri, ağıllı sensor sistemləri, nanotellərin yetişdirilməsi, eləcə də optik sensorlar üçün xüsusi şüşələrin hazırlanması istiqamətində aparılan tədqiqatlar barədə geniş təqdimatla çıxış edib.

Görüş qarşılıqlı fikir mübadiləsi və diskussiya şəraitində davam edib, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Tədbirin sonunda dosent Xuraman Əhmədova və TTO-nun rəhbəri Namiq Heydərov iştirakçılara təşəkkürlərini bildirərək, bu cür görüşlərin gələcək əməkdaşlıqların inkişafına və ölkəmizdə fizika elminin tərəqqisinə mühüm töhfələr verəcəyini qeyd ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.radiation.gov.az saytına istinad zəruridir.