RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
EN RU

Xəbərlər

Fizika İnstitutunda İnnovasiya və Texnologiyaların Transferi Ofisi ilə laboratoriya əməkdaşları arasında silsilə görüşlər davam edir

[08.07.2026]

8 iyul 2026-cı il tarixində Elm və Təhsil Nazirliyinin Fizika İnstitutu PHŞ-də İnnovasiya və Texnologiyaların Transfer Ofisinin (TTO) əməkdaşları ilə “Optoelektronika və fotonika” laboratoriyasının əməkdaşları arasında növbəti görüş keçirilib.

İclası giriş sözü ilə açan TTO-nun rəhbəri Namiq Heydərov ofisin fəaliyyət istiqamətləri, əsas məqsədləri və elmi nəticələrin innovativ məhsullara çevrilməsi istiqamətində görülən işlər barədə iştirakçılara ətraflı məlumat verib.

Daha sonra laboratoriyanın müdiri, f.ü.f.d. Nərmin İsmayılova rəhbərlik etdiyi laboratoriyanın fəaliyyət istiqamətləri, həyata keçirilən elmi-tədqiqat işləri və perspektiv layihələr haqqında geniş təqdimatla çıxış edib.

Ardınca laboratoriyanın əməkdaşı, f.r.ü.f.d Abbas İmaməliyev maye kristalları və onların müasir tətbiq sahələri barədə geniş təqdimat təqdim edib. Təqdimatda maye kristalların müxtəlif texnoloji istiqamətlərdə, xüsusilə displeylərdə və gecəgörmə cihazlarında tətbiqi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüş qarşılıqlı diskussiya şəraitində davam edib, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Tədbirin sonunda TTO-nun rəhbəri Namiq Heydərov iştirakçılara təşəkkürünü bildirərək bu cür görüşlərin institut daxilində elmi əməkdaşlığın genişlənməsinə, innovativ ideyaların təşviqinə və elmi nəticələrin sənayeyə transferi istiqamətində yeni əməkdaşlıq imkanlarının formalaşmasına mühüm töhfə verdiyini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.radiation.gov.az saytına istinad zəruridir.