RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
EN RU

Xəbərlər

Fizika İnstitutunda İnnovasiya və Texnologiyaların Transferi Ofisi ilə laboratoriya əməkdaşları arasında silsilə görüşlər davam edir

[13.07.2026]

13 iyul 2026-cı il tarixində Elm və Təhsil Nazirliyi Fizika İnstitutu PHŞ-də İnnovasiya və Texnologiyaların Transfer Ofisinin (TTO) əməkdaşları ilə “Funksional materiallar fizikası” laboratoriyasının əməkdaşları arasında növbəti görüş keçirilib.

İclası giriş sözü ilə açan TTO-nun rəhbəri Namiq Heydərov ofisin fəaliyyət istiqamətləri, əsas məqsədləri və elmi nəticələrin innovativ məhsullara çevrilməsi istiqamətində həyata keçirilən işlər barədə iştirakçılara ətraflı məlumat verib.

Daha sonra “Funksional materiallar fizikası” laboratoriyasının müdiri, f.ü.f.d. Elşən Əsədov laboratoriyanın fəaliyyət istiqamətləri haqqında geniş təqdimatla çıxış edib. O, yarımkeçirici materialların lüminessensiya xassələrinin tədqiqi, funksional materialların sintezi, eləcə də onların müxtəlif tətbiq istiqamətləri barədə ətraflı məlumat verib.

Ardınca laboratoriyanın baş elmi işçisi, f.ü.f.d. Bəxtiyar Salmanov nanoməsaməli fotodetektorlar və plazma şüalanmasının tədqiqi istiqamətində aparılan elmi araşdırmalar haqqında təqdimatla çıxış edib. Daha sonra laboratoriyanın əməkdaşları f.ü.f.d. Niyazi Mursakulov, f.ü.f.d. Vüsalə Kazımova öz elmi fəaliyyət istiqamətləri və həyata keçirdikləri tədqiqatlar barədə iştirakçıları məlumatlandırıblar.

Görüş qarşılıqlı diskussiya və fikir mübadiləsi şəraitində davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Tədbirin sonunda laboratoriyanın müdiri Elşən Əsədov və TTO-nun rəhbəri Namiq Heydərov iştirakçılara təşəkkürlərini bildirərək bu cür görüşlərin institut daxilində elmi əməkdaşlığın gücləndirilməsi, innovativ ideyaların təşviqi və elmi nəticələrin sənayeyə transferi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.radiation.gov.az saytına istinad zəruridir.