RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
EN RU

Xəbərlər

Fizika İnstitutunda təlim-seminar keçirilib

[19.06.2026]

19 iyun 2026-cı il tarixində Elm və Təhsil Nazirliyinin Fizika İnstitutu PHŞ-də Beynəlxalq Əməkdaşlıq Sektorunun 2027–2031-ci illər üzrə fəaliyyət strategiyasına həsr olunmuş “İdarəetmənin yeni tələblərinə uyğun strategiya” mövzusunda təlim-seminar keçirilib.

İclası giriş sözü ilə açan Beynəlxalq Əməkdaşlıq Sektorunun müdiri Kubə Mehdiyeva iştirakçıları salamlayaraq mövzunun aktuallığını və strateji əhəmiyyətini vurğulayıb.

Daha sonra sektorun baş mütəxəssisi, fizika üzrə fəlsəfə doktoru Rüstəm Rüstəmov və mütəxəssis Aynur Rəsulova təqdimatla çıxış edərək Beynəlxalq Əməkdaşlıq Sektorunun fəaliyyət strategiyasının əsas istiqamətlərini iştirakçıların diqqətinə çatdırıblar.

Təqdimatda müasir idarəetmə prinsiplərinin tətbiqi, beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, elmi qrant layihələrində aktiv iştirakın təşviqi, xaricdə elmi kadr hazırlığına dəstək, diaspor təşkilatları ilə əlaqələrin inkişafı, beynəlxalq elmi tədbirlərin təşkili və elmi nəticələrin qlobal elmi məkana inteqrasiyası kimi mühüm məsələlər ətraflı təqdim olunub. Eyni zamanda, elmi fəaliyyətin təbliği, kommunikativ fəaliyyətin gücləndirilməsi, institutun elmi nəşrlərinin beynəlxalq nüfuzunun artırılması və “Açıq elm” prinsipləri istiqamətində nəzərdə tutulan fəaliyyətlər barədə məlumat verilib.

Qeyd olunub ki, strategiyanın əsas məqsədi Fizika İnstitutunun beynəlxalq elmi məkanda mövqeyinin daha da möhkəmləndirilməsi, elmi potensialın səmərəli istifadəsinin təmin edilməsi və institutun fəaliyyətinin müasir idarəetmə standartlarına uyğun inkişaf etdirilməsidir.

Tədbirin sonunda iştirakçılar tərəfindən mövzu ətrafında fikir mübadiləsi aparılıb, təqdim olunan strateji hədəflər və onların həyata keçirilməsi mexanizmləri müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.radiation.gov.az saytına istinad zəruridir.