RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
EN RU

Xəbərlər

Fizika İnstitutunda Türkiyənin Bursa Uludağ Universiteti ilə elmi əməkdaşlıq imkanları müzakirə olunub

[09.07.2026]

9 iyul 2026-cı il tarixində Elm və Təhsil Nazirliyi Fizika İnstitutu PHŞ-də Türkiyənin Bursa Uludağ Universitetinin “Fen-Edebiyat” fakültəsinin Fizika bölümünün Nüvə fizikası kafedrasının professoru Ayşegül Kahraman və Bərk cisim fizikası kafedrasının dosenti Mürşidə Hacıismayıloğlu ilə elmi əməkdaşlıq imkanlarına dair görüş keçirilib.

Görüşdə professor Ayşegül Kahraman rəhbərlik etdiyi elmi tədqiqat istiqamətləri- mikroelektron qurğuların modelləşdirilməsi, istehsalı və xarakterizasiyası, FET (sahə effektli tranzistor) əsaslı radiasiya sensorları, həmçinin silisium (Si) və qallium nitrid (GaN) əsaslı fotodiodlar sahəsində həyata keçirdiyi elmi tədqiqatlar barədə məlumat verib. Dosent Mürşidə Hacıismayıloğlu isə enerji saxlama qurğuları, spintronika və optoelektron materiallar istiqamətində aparılan tədqiqatlar, eləcə də funksional materialların hazırlanması və tətbiqi sahəsində əldə olunan elmi nəticələri təqdim edib.

Görüş zamanı funksional materiallar fizikası sahəsində aparılan elmi tədqiqatlar və onların müxtəlif tətbiq istiqamətləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Müzakirələrdə yüksək tutumlu kondensatorlar sahəsində birgə elmi tədqiqatların həyata keçirilməsi, yeni əməkdaşlıq imkanlarının yaradılması, həmçinin elektrokimyəvi çökdürmə (elektrodepozisiya) üsulu ilə materialların sintezi və formalaşdırılması istiqamətində aparılan işlər nəzərdən keçirilib.

Fizika İnstitutunun nümayəndələri institutda CdZnTe əsaslı detektorlar və plazma fotodetektorları istiqamətində həyata keçirilən elmi-tədqiqat işləri və əldə olunan uğurlu nəticələr barədə ətraflı məlumat veriblər. Bununla yanaşı, TiO₂ əsaslı kondensator strukturlarının hazırlanması sahəsində birgə elmi tədqiqatların aparılması və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı təkliflər səsləndirilib.

Görüşdə həmçinin termoelektrik materiallar, nanoelektronika üçün funksional materiallar və infraqırmızı (IR) diapazonda işləyən fotodetektorlar üzrə aparılan tədqiqatlar, eləcə də bu istiqamətlərdə gələcək birgə elmi layihələrin reallaşdırılması imkanları müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.radiation.gov.az saytına istinad zəruridir.