İçindəki
Xəbərlər
Fizika və Kimya İnstitutları arasında multidissiplinar elmi-tədqiqat fəaliyyətlərinin həyata keçirilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb
14 may 2026-cı il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutu PHŞ və Kimya İnstitutu PHŞ arasında elmi-tədqiqat fəaliyyətlərinin birgə həyata keçirilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilə Fizika və Kimya elmlərinin prioritet istiqamətləri üzrə birgə elmi fəaliyyətlərin genişləndirilməsini nəzərdə tutur. Əməkdaşlığın əsas məqsədi multidissiplinar fundamental və innovativ tədqiqatların inkişaf etdirilməsi, elmin və təhsilin təkmilləşdirilməsidir. Sənədə əsasən, hər iki institutun alim və mütəxəssisləri birgə elmi-tədqiqat işləri, fiziki-kimyəvi analizlər və müxtəlif elmi layihələr həyata keçirəcəklər. Tərəflər fizika və kimya elmlərinin qovuşduğu sahələrdə mütəmadi seminarlar, görüşlər və maarifləndirici tədbirlərin təşkilini də planlaşdırırlar. Müqavilə çərçivəsində doktorantlara birgə elmi rəhbərlik göstərilməsi və onların elmi işlərinin aparıcı mütəxəssislər tərəfindən müzakirəsi də nəzərdə tutulur. Eyni zamanda Beynəlxalq və Respublika səviyyəli konfrans, simpozium, sərgi və təlimlərin keçirilməsi üzrə əməkdaşlıq ediləcək. Tərəflər elmi jurnallarda dərc olunan məqalə və tezislərin keyfiyyətinin artırılması, jurnalların beynəlxalq bazalara inteqrasiyası istiqamətində də birgə fəaliyyət göstərəcəklər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.radiation.gov.az saytına istinad zəruridir.










