İçindəki
Xəbərlər
Kimya İnstitutunda süni intellektin kimya və kemoinformatikada tətbiqinə həsr olunan seminar keçirilib
10 iyul 2026-cı il tarixində Elm və Təhsil Nazirliyi Kimya İnstitutu PHŞ-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mütəxəssislərinin iştirakı ilə “Kimya və kemoinformatikada süni intellektin tətbiqi” mövzusunda elmi seminar keçirilib.
Kimya və Fizika İnstitutlarının tədqiqatçılarının iştirakı ilə keçirilən seminar institutun Beynəlxalq əməkdaşlıq sektorunun təşkilatçılığı ilə baş tutub. Tədbir müasir elmin prioritet istiqamətlərindən biri hesab olunan süni intellekt texnologiyalarının kimya, kemoinformatika, bioinformatika, farmakologiya və materialşünaslıq sahələrində tətbiqinə həsr olunub.
Seminarda kompüter elmləri üzrə fəlsəfə doktoru, ADNSU-nun nəzdində Süni İntellekt İnstitutunun layihə rəhbəri Yusif İbrahimov, kimya elmləri üzrə fəlsəfə doktoru, ADNSU-nun Elm departamentinin nəzdində Kemoinformatika və Hesablama Kimyası Tədqiqat Qrupunun rəhbəri Fərəh Əsgərxanova, həmçinin sistemli analiz, informasiyanın emalı və idarəetmə ixtisası üzrə fəlsəfə doktoru, dosent, ADNSU-nun “Ümumi və tətbiqi riyaziyyat” kafedrasının dosenti Nigar İsmayılova “Təbiət elmlərində süni intellektin istifadəsi” mövzusunda məruzələrlə çıxış ediblər.
Məruzələrdə süni intellektin bioinformatika, tibb, kimya, fizika və kemoinformatika sahələrində tətbiq imkanları, eləcə də böyük həcmli verilənlərin emalı və təhlili istiqamətində müasir yanaşmalar təqdim olunub. Eyni zamanda, bu texnologiyaların elmi tədqiqatların sürətləndirilməsi, nəticələrin dəqiqliyinin artırılması və innovativ həllərin hazırlanmasındakı rolu ətrafında fikir mübadiləsi aparılıb.
Məruzələrdən sonra Fizika İnstitutunun Beynəlxalq Əməkdaşlıq Sektorunun baş mütəxəssisi Rüstəm Rüstəmov çıxışında belə elmi seminarların müxtəlif elmi müəssisələr və ali təhsil ocaqları arasında əməkdaşlığın genişlənməsinə, bilik və təcrübə mübadiləsinin gücləndirilməsinə mühüm töhfə verdiyini bildirib. O, süni intellekt texnologiyalarının təbiət elmlərində tətbiqi ilə bağlı birgə təşəbbüslərin və multidissiplinar tədqiqatların gələcəkdə daha uğurlu elmi nəticələrin əldə olunmasına şərait yaradacağına əminliyini ifadə edib.
Seminar iştirakçıların sualları, geniş elmi müzakirələr və qarşılıqlı fikir mübadiləsi ilə davam edib.













