RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
EN RU

Xəbərlər

Radiasiya Problemləri İnstitutunda akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

[21.11.2025]

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda görkəmli alim, akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Ardınca Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Sessiyanı giriş sözü ilə açan Radiasiya Problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev çıxışında qeyd edib:

“Hər bir xalqın taleyində elə adamlar olur ki, onların adı və irsi həmin xalqın elm və mədəniyyət tarixində silinməz iz qoyur. Yusif Məmmədəliyev məhz belə şəxsiyyətlərdəndir. Onun elmi irsi bu gün də Azərbaycan elminin inkişafına istiqamət verir”.

Daha sonra söz Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasova verilib. O, Məmmədəliyevin həyat və yaradıcılığından, yüksək oktanlı aviasiya benzininin alınması sahəsində apardığı tədqiqatlardan və neft-kimya sənayesinin inkişafına verdiyi töhfələrdən danışıb.

Sessiyada kimya elmləri doktoru, professor Adil Qəribov da iştirak edib və Məmmədəliyevin elmi irsinin müasir dövrdə aktuallığını vurğulayıb. Ardınca Radiasiya Problemləri İnstitutunun icraçı direktoru Rəvan Mehdiyeva çıxış edərək yubiley sessiyasının əhəmiyyətini qeyd edib.

Tədbirin davamında gənc tədqiqatçılar arasında akademik Yusif Məmmədəliyevin elmi irsinə həsr olunmuş “Ən yaxşı məqalə” müsabiqəsinin qalibləri elan olunub. Qaliblər – Aida Mirzəyeva, Aybəniz Əhədova və Nicat Mirzəyev  fəxri fərmanla təltif olunublar.

Sonda akademik Yusif Məmmədəliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.radiation.gov.az saytına istinad zəruridir.