İçindəki
Xəbərlər
Radiasiya Problemləri İnstitutunda Elmi Şuranın iclası keçirilib
Radiasiya Problemləri İnstitutunda Elmi Şuranın növbəti iclası baş tutub. İclası institutun baş direktoru, AMEA-nın müxbir üzvü İ.Mustafayev giriş sözü ilə açıb və Elmi Şuranın gündəliyində olan məsələləri şura üzvlərinin diqqətinə çatdırıb.
Toplantıda institutun icraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyevanın İnstitutun illik hesabatı haqqında məruzəsi dinlənib və cari fəaliyyətlə bağlı məlumat verilib.
İclasda bir sıra elmi və təşkilati məsələlər də müzakirə olunub. Radiobiologiya laboratoriyasının aparıcı elmi işçisi, dosent Nizami Rzayevin “Çaytikanı” və “Azərbaycan buğdaları” adlı monoqrafiyalarının çapa təqdim olunması gündəmə gətirilib. Kimya elmləri doktoru Zenfira İskəndərovanın 75 illik yubileyi münasibətilə təltif olunması üçün vəsadət qaldırılması qərara alınıb.
Professor A.A. Qəribovun “Термо-радиационно-гетерогенные процессы в атомно водородной энергетике” adlı monoqrafiyasının Azərbaycan Respublikası Dövlət Mükafatına təqdim olunması barədə qərar qəbul edilib. Dissertant Əhməd Əhədovun ixtisası, dissertasiya mövzusu və elmi rəhbərlərinin dəyişdirilməsi təsdiqlənib.
Bundan başqa, “Seqnoelektriklərin radiasiya fizikası” laboratoriyasının mühəndisi Səbuhi Nuriyevin Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda ezamiyyət müddətinin artırılması barədə qərar qəbul olunub. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müraciət məktubu müzakirə edilərək, rəqəmsal sənəd dövriyyəsi altsisteminə qoşulmanın təmin olunması məsələsi gündəmə gətirilib.
İclasda həmçinin əmək və icra intizamı ilə bağlı məsələlər nəzərdən keçirilib, cari məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.radiation.gov.az saytına istinad zəruridir.








