İçindəki
Xəbərlər
Radiasiya Problemləri İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda Elmi Şuranın növbəti iclası baş tutub. Toplantıda bir sıra mühüm məsələlər müzakirə olunub.
İclasın gündəliyində Azərbaycan Respublikasının 2027–2030-cu illər üçün sosial-iqtisadi inkişaf strategiyasının fəaliyyət planının müzakirəsi yer alıb. Elmi Şura üzvləri bu planın institutun tədqiqat istiqamətləri ilə uyğunluğunu və gələcək elmi prioritetləri ətraflı şəkildə nəzərdən keçiriblər.
AMEA-nın 80 illik yubileyi münasibətilə planlaşdırılan tədbirlərin təşkili də iclasın əsas müzakirə mövzularından biri olub. Bununla yanaşı, 2024-cü il üzrə institutun elmi fəaliyyətinin nəticələri qiymətləndirilib, əldə olunan uğurlar və mövcud çatışmazlıqlar təhlil edilib.
Ətraf mühitin radiasiya kimyası laboratoriyasının aparıcı elmi işçisi, kimya elmləri doktoru, dosent Zenfira İskəndərovanın anadan olmasının 75 illiyi münasibətilə təltif olunması üçün təklif irəli sürülüb. Eyni zamanda, 2025-ci il üzrə illik hesabatın hazırlanması barədə qərar qəbul edilib.
İclas çərçivəsində institut əməkdaşlarına institut haqqında nəşr olunmuş kitab təqdim olunub. Həmçinin kimya üzrə fəlsəfə doktoru Fətullah Çiçəyə dosent attestatı təqdim edilib.
Toplantı cari məsələlərin müzakirəsi ilə yekunlaşıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.radiation.gov.az saytına istinad zəruridir.







